İtin də dilinə hörmətimiz var...

İtin də dilinə hörmətimiz var...
KÖŞƏ
01:33 05.08.2012
8591

Anzulə Əmirova

İtin də dilinə hörmətimiz var...

Müəllimlərdən biri deyir ki, illər əvvəl Azərbaycanın gözəl diyarlarından birindən Bakıya təhsil almağa gəlir. Daxil olduğu universitetdə tələbə yoldaşlarının əksəriyyəti rus dilində danışırmış. Və bu, o və onun kimi kənd yerindən oxumağa gələn yoldaşlarında haqlı narahatçılığa, sıxıntıya səbəb olur, çünki rus dilində elə də yaxşı danışa bilmirlərmiş. Düşünürlər ki, təcili bu dili öyrənməlidirlər, yoxsa baxmayaraq ki savadlıdırlar, elmi gözəl bilirlər, amma ətrafdakılar onlara çox yad münasibət göstərir, danışmaq belə istəmir, hətta öz aralarında pıçıldaşaraq bu gənclərə “çuşka” deyirlərmiş. Müəllim rus dilini ruslardan da yaxşı öyrəndikləri və artıq bu dildə sərbəst danışmağa başladıqları vaxt başqa bir problemlə qarşılaşdıqlarını söyləyir. Deyir ki, onlar - rus dilini bilməyənlər sonuncu kursa çatanda və bu dildə danışanda, artıq onlara “pis gözlə” baxılmayacağını düşünərək sevindikləri vaxtda Azərbaycanda ingilis dili dəbə düşdü və bu dili bilməyənlərə “çuşka” kimi baxırdılar, elə deyirdilər... Sonra da yavaş-yavaş başlayıblar ingilis dilini öyrənməyə. Bundan haqlı olaraq məyus olan, eyni zamanda əsəbiləşən müəllim öz dilimizi həmişə aşağılamaqdan, başqa dillərdə danışmağa can atanlarla mübarizə aparmaqdan, hər zaman azərbaycanlıların digər dilləri öyrənməklə yanaşı məhz öz Vətənimizdə özgə dilində danışmaq məcburiyyətində qalmalarından bezərək zarafat qarışıq əsəblə deyir: “Düşünürəm ki, belə getsə, bir müddət sonra da başqa dili öyrənməli olacağıq, əgər öyrənə bilməsək, qorxuram ki, kənddən Bakıya “çuşka” gəlmişik, “çuşka” kimi də gedək”...

Bəli, etiraf edək ki, biz dilimizə hörmətlə yanaşmamışıq və yanaşmırıq... Bu, məyusedici olsa da, günümüzün reallığıdır...

İndi çoxlarımız şəhərdəki reklamlar bir yana, ictimai nəqliyyat vasitələrindən istifadə edən sadə vətəndaşlardan tutmuş hansısa dövlət müəssisəsində çalışan əksəriyyətin əcnəbi dillərdə danışdığını və ya danışmağa cəhd etdiyinin şahidi oluruq ...

Hətta mən elə yazıq adamlar tanıyıram ki, baxmayaraq azərbaycanlıdırlar və mənə qarşı münasibətləri yaxşıdır, amma öz ana dilimizdə dəfələrlə salam versəm də, rusdilli olduqları üçün eşitməzlikdən gəlib, mənim salamımı belə almayıblar... Yanımdakı xanım isə “onların dili”ndə salam verdiyi üçün gülərüzlə onun səsinə səs veriblər...

Bəziləriniz deyə bilərsiniz ki, bu mövzudan yorulduq, nə qədər dildən danışmaq olar, yəqin, bunu yazan özü heç bir əcnəbi dil bilmir və “pişiyin əli ətə çatmayanda deyir iy verir” məsəli ilə hərəkət edir... Tamamilə yanılırsınız, əziz dostlar, ətrafımdakılar bilir ki, mən dil öyrənməyə meyilli olmaqla yanaşı, vətəndaşımın xarici dil öyrənməsinin tərəfdarlarındanam, hər zaman yaxınlarımı, tanıdıqlarımı xarici dil öyrənməyə səsləmişəm. Niyəsini yazıb vaxtınızı oğurlamağa da lüzum görmürəm. Lakin bu, ifrata varanda adam təngə gəlir...

Üstəlik əcnəbi dil bilənlərin öz dilimizə və bu dildə danışanlara sayğısız münasibətini əsla qəbul edə bilmərəm. Xarici dil bildiyi üçün ölkəmin suyundan içib, çörəyindən yeyən bir vətəndaşımın həmyerlilərinə yuxarıdan aşağı baxmasını anlayacaq dərəcədə inkişaf etməmişəm. Və düşünürəm ki, mənimlə həmfikir olan hər bir kəs nə qədər ki özümüzünkülər tərəfindən (hələ əcnəbiləri qoyaq bir kənara) dilimizə hörmətlə yanaşılmır, bu barədə yazmalıdır, bu barədə danışmalıdır, bu istiqamətdə müəyyən addımlar atmalıdır ki, bəlkə, nəticə hasil ola...

Gəlin sözümüzü deməkdən yorulmayaq, “Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabinin hələ o zaman tutduğu mövqeni tutaq. O deyirdi ki, "hər kəsi çağırıram, gəlməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir. Habelə söz də, ələlxüsus doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər...”

Dilimizi zorla da olsa (nə qədər gülməli səslənsə də), özümüzünkülərə sevdirməliyik. Bunun üçün müxtəlif vasitələrə əl ata bilərik. Bəlkə də, Azərbaycanda işə götürənlər, ilk növbədə, Azərbaycan dilində sərbəst danışmağı tələb etməlidirlər. Bəlkə də, qəlblərdə yaşayan şairimiz Bəxtiyar Vahabzadənin “Özümdən özümə” şeirinin aşağıdakı misralarını əzbərləyib, dilimizə hörmətsizliklə yanaşanların hər an qulağına pıçıldamalıyıq, bəlkə də, ölkəmizə gələn əcnəbilərin yanında özümüzə hörmətsizlikdən qaçmaq üçün elə bu misraları böyük lövhələrə yazıb bir müddət şəhərimizin ən görkəmli, insanla qaynayan yerlərindən asmalıyıq:

… Bir zaman rusca idi reklam işıqlar,

İndi ingiliscə dürtülür gözə.

İtin də dilinə hörmətimiz var,

Təkcə öz dilimiz yaramır bizə.

Nə isə etməliyik, gələcəyimiz üçün, gələcək nəsillər üçün, dilimizin sabahı naminə doğma dili daha da inkişaf etdirmək və yaymaq üçün nəyə isə cəhd etməliyik. Ən azından ətrafımızda yaxınlarımızın, dost və tanışlarımızın fikirlərini yerli-yersiz rus və ingilis dilində bildirmələrinə yol verməməliyik, onları düşüncələrini hıqqana-hıqqana da olsa, öz dilimizdə ifadəyə məcbur etməliyik, hər birini inandırmalıyıq ki, cəhd etsə, mütləq alınacaq. Axı bizə bu dildə layla deyilib, bizim mayamız bu dildə yoğrulub, necə ola bilər ki, indi öz ana dilimizdə danışmağa can çəkirik…

Yazımın sonunu da elə böyük şairimizin “Hara gedir sabahımız” şeirindən olan misralarla tamamlayaraq, dilimizə ögey münasibət göstərib, anasının dilində danışmaqdan utanan, hətta bu dildə danışanları aşağılayanlara bu misraların şillə kimi dəyəcəyinə və onların artıq özünə, dilinə qayıdacağına ümid edirəm:

Dəryamızı bəyənməyib

Özgəsinin hovuzunda üzürüksə,

Yad dilində dil-dil ötüb

Doğma ana dilimizə əgər dodaq büzürüksə,

İnamımız, imanımız,

Ya heç yoxsa, ya çürüksə,

Demək, bizdən üz döndərib Allahımız,

Hara gedir sabahımız?

OXŞAR XƏBƏRLƏR