"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
AZXEBER.COM-un məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova yeni seçilən üzvlərə tövsiyələrini də açıqlayıb. O bildirib ki, deputatların İctimai Televiziyanın efirlərinə daha çox dəvət olunması məqsədəuyğun olardı:
"Çox yaxşı olar ki, bizim deputatlar İctimai Televiziyanın efirlərinə dəvət olunsunlar. Deputatlar seçiciləri narahat edən və maraqlandıran məsələlər barədə kifayət qədər məlumatlıdırlar və bu baxımdan onları ekspert kimi efirə dəvət etmək yaxşı olardı”.
AZXEBER.COM yeni seçilən üzvlərin avtobioqrafiyalarına nəzər salıb.
Məlumata görə, İdman federasiyaları kvotası üzrə Yayım Şurasına seçilən üç nəfərdən biri hazırda Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti olan Rəşad Rəsulludur. O, daha əvvəl Azərbaycan Mərkəzi Bankında İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Sonralar "AtaHolding” ASC-də İnsan resursları və ictimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi, Katiblik departamentinin direktoru və Müşahidə Şurası sədrinin müşaviri olub. 2019–2021-ci illərdə isə "AtaHolding” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Rəşad Rəsullu holdinq ləğv edilməzdən təxminən bir il əvvəl Azərbaycan Cüdo Federasiyasına keçib. Qeyd edək ki, federasiyanın prezidenti hazırda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevdir.
Yeni üzvlər arasında Şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığmasının kapitanı İlahə Qədimova da yer alıb. O, 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının baş katibidir. 25 dekabr 2025-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə görə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Dini konfessiyalar kvotası üzrə Yayım Şurasına Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev seçilib. O, 1986-cı ildən QMİ-də birinci müavin və müfti vəzifəsində çalışır.

Yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva Yayım Şurasına daxil edilib.
Yeni üzvlər arasında Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayeva da var.











































