İvanişvili: "Saakaşvili azərbaycanlıları əsəbləşdirdi"

İvanişvili: "Saakaşvili azərbaycanlıları əsəbləşdirdi"
17:55 06.03.2013
1295
Gürcüstan prezidenti Mixail Saakaşvili öz bəyanatları ilə Azərbaycanda hər kəsi hirsləndirib. 
ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Bidzina İvanişvili deyib. Baş nazir bildirib ki, prezidentlə görüşündə o, Saakaşvilidən verdiyi bəyanatlara görə cəmiyyətdən üzr istəməsini tələb edib. Prezident isə bunu etməkdən imtina edib.İvanişvilinin sözlərinə görə, Saakaşvili beynəlxalq axtarışda olan Ukrayna vətəndaşına Gürcüstan vətəndaşlığının verilməsi ilə düzgün addım atdığına tam əmindir: “Halbuki Ukrayna məmurları tərəfindən axtarılan insana Gürcüstan vətəndaşlığının verilməsi məsuliyyətsizlikdir. Qonşu ölkələrlə münasibətlərdə maksimum dərəcədə hörmət göstərmək lazımdır".Xatırladaq ki, Bakı səfərindən qayıdan Saakaşvili jurnalistlərə açıqlamasında bildirmişdi ki, bəzi qüvvələr azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində muxtariyyat yaradılması istiqamətində fəaliyyətə keçiblər.Elə bu gün 60-dan çox azərbaycanlı Gürcüstan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları son günlər Gürcüstan prezidenti Mixail Saakaşvilinin söylədiyi “azərbaycanlılar muxtariyyət tələb edirlər” fikrinə etiraz edərək prezidentdən bu şayiələrə cavab verməyi tələb ediblər.Qardabanidən olan azərbaycanlı fəal Allahyar Yusubov prezidentin bu fikirlərini əsassız və şayiə adlandıraraq, onun aksiya iştirakçılarına cavab verməli olduğunu deyib: “Biz Gürcüstanın ləyaqətli və tam hüquqlu vətəndaşlarıyıq. Heç kimə icazə vermirik ki, bizim adımızdan bəyanat versin. Biz Gürcüstanı sevirik və onun ərazi bütövlüyünü həmişə dəstəkləyirik. Bizə muxtariyyət yox, sülh, yaxşı yaşamaq və gələcəyimizin parlaq olması barədə işlər görmək lazımdır. Gürcüstanın gələcəyi bizim gələcəyimizdir”.Qardabani məscidinin axundu Hacı Namiq Xəlilov APA-ya açıqlamasında etiraz aksiyasının dinc və insidentsiz başa çatdığını bildirib: “Biz toplaşaraq çıxışlar etdik və tələblərimizi bildirdik. Bizim işimizə heç kim qarışa bilməz. Gürcüstanda dini azadlıq var və biz müsəlmanlar həmişə öz dinimizə sədaqətlə qulluq edirik. İndi bizim Gürcüstan Müsəlmanları Ali Dini Şurası tərəfindən seçilən şeyximiz də var. Onu da qeyd edim ki, biz istər dini sahədə, istərsə də şəxsi həyatımızda sülh və əmin-amanlıq istəyirik. Bizə heç bir muxtariyyət lazım deyil. Biz azad və suveren bir ölkədə yaşayır, hüquqlarımızı müdafiə etməyi bacarırıq. Məhz buna görə də, heç kimə bizim adımızdan danışmağa icazə vermirik”.
OXŞAR XƏBƏRLƏR