Müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq sözlər yazan sosial şəbəkə istifadəçilərini üzr istədib, hadisə ilə bağlı görüntüləri öz şəxsi səhifəsində yayması birmənalı qarşılanmayıb.
Belə ki, polis bölməsində çəkiliş edilməsi və müğənninin qarşı tərəfi alçaltmaq məqsədi ilə atdığı bu addım müzakirə olunmaqda davam edir.
Xatırladaq ki, videogörüntülərdə Vasif adlı şəxs etdiyi əmələ görə üzr istəyir: "Mənim telefonumdan başqası ona nalayiq sözlər yazıb. Həmin sözləri mən yazmamışam. Kərimdən və ailəsindən üzr istəyirəm”.
Digər şəxs isə içkili olduğunu, bu səbəbdən də müğənnini təhqir etdiyini bildirib.
Kərim Abbasov "Bundan sonra təhqir edənlərin aqibəti bundan da pis olacaq…” deyərək yaşananlara haqq qazandırıb.
Hazırda isə sözügedən videonun yayılması ilə bağlı araşdırmalara başlanılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində araşdırmalara başlanılıb.
Belə ki, bölmə rəisi Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili Oruc Mirzəyev barəsində xidməti araşdırmanın aparılmasına qərar verilib. Araşdırmanın nəticəsindən asılı olaraq hər iki polis zabiti barəsində tədbirlər görüləcək.
Çünki daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə - otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa, Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətlər polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.
Bir çox səhifələr Kərim Abbasovun bir müddət öncə şəxsi hesablarının oğurlanması barədə məlumat yayıb. Daha sonra məlum videogörüntülər "Shownews” səhifəsində yayılıb.
Musavat.com hadisə ilə bağlı müğənninin fikirlərini öyrənmək üçün onunla əlaqə saxlayıb. İfaçı məşğul olduğunu, ancaq vaxtı olanda geri zəng edəcəyini deyib.
"Sosial şəbəkə hesablarınızı məlum hadisəyə görə bağlamışınız, yoxsa doğrudan oğurlanıb” sualını eşidəndən sonra isə K.Abbasov telefonun dəstəyini asıb.