122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd həkim-endokrinoloq Jalə Oqtayzadə seçicilərlə görüşlərini davam etdirir.
AZXEBER.COM xəbər verir ki, deputatlığa namizəd bu dəfə Gəncə şəhəri Yeni Qəsəbə 2 ünvanında yaşayan Xankəndi sakinlərinin evini ziyarət edib.
Jalə Oqtayzadə görüşlər zamanı seçicilərin problemləri və təkliflərini dinləyib, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparıb.
O, görüşlər zamanı seçki platforması barədə seçicilərə ətraflı məlumat verib.
Deputatlığa namizəd Jalə Oqtayzadə çıxışları zamanı bildirib ki, parlament seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsi olduqca qürurverici və əlamətdar hadisədir.
Jalə Oqtayzadə görüşlər zamanı Birinci Qarabağ müharibəsi veteranı Yaşar Quliyevin də evində qonaq olub. Yaşar Quliyev görüş zamanı bildirib ki, o, Xankəndini sonuncu tərk edən azərbaycanlıdır: "Xankəndidən sonuncu dəfə bizim ailəmiz köçdü. Zorge küçəsində yaşayırdıq. Xankəndidən Şuşaya köçdük, daha sonra müharibə başladı və mən ön cəbhədə vuruşdum. Sağ qolum orada yaralandı, dövlətimizin dəstəyi ilə xarici ölkələrə yollandım, uzun müalicələrdən sonra qolum amputasiya olunmaqdan xilas oldu. Amma gördüyünüz kimi əlillik dərəcəm var. Oğlum Həzrət Quliyev də 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, ön cəbhədə vuruşub, qəlpə yarası alıb. Bu vətən bizim hamımızındır. İstəyərdik ki, Milli Məclisdə də Xankəndini və xankəndililəri sevən namizədimiz olsun. Sizə uğurlar arzu edirəm, gənclərin yolu daim açıq olsun, biz də bu prosesdə onlara dəstəyik”.
Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində namizəd Jalə Oqtayzadənin avqust ayı ərzində xankəndili seçicilərlə müxtəlif regionlarda görüşləri baş tutacaq.


























































