ANS TV-nin "Hesabat" verilişində qonaq olan Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin aktual məsələlərlə bağlı sualları cavablandırıb. - Azərbaycanla Rusiya arasındakı münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz? Bu yaxınlarda 2 dövlət başçısının yüksək səviyyədə görüşü nəzərdə tutulurmu? - Bizim münasibətlər normal, mən hətta deyərdim ki, yaxşı inkişaf edir. İki qonşu və dost dövlət arasında münasibətlər məhz belə inkişaf etməlidir. Aramızda aktiv siyasi dialoq gedir. Sizin xarici işlər naziri ancaq aprel ayında 2 dəfə Moskvada olub. O, çoxtərəfli tədirlərdə iştrak edirdi, amma onun bizim nazirlə ikitərəfli görüşləri də olmuşdu. Elə bu günlərdə Rusiya Federasiyasının iki iri bölgəsinin qubernatorunun səfəri olmuşdu. İlk dəfə Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Bakıda oldu. Cümə günü axşam mən Rusiyanın energetika nazirini Moskvaya ötürürdüm. O, burada çoxtərəfli tədbirdə iştirak edirdi, həm də Azərbaycanın baş naziri və energetika nazirilə görüşmüşdü. Yəni daim təmaslar var, biz bir-birimizi tanıyırıq, bir-birimizi eşidirik. Əlbəttə, indi hamının diqqəti Ukraynadadır. Biz hamımız bununla bağlı gərginlik yaşayırıq. Amma demək istəyirəm ki, bu məsələ ilə bağlı Moskva və Bakı bir-birini tam olaraq anlayır. Ukraynada baş verənlər Azərbaycan və Rusiya arasındakı münasibətlərə heç bir neqativ təsir göstərmir. Bizim aramızda yaxşı ticarət əlaqələri var. Ötən il rekord rəqəmlər qeydə alınmışdı. Bu il də templər yüksəkdir və yəqin ki, yenə rekord rəqəmlər olacaq. Bizim maraqlı humanitar proqramlarımız var. Yəni hər şey yaxşıdır. Siz səfərləri və tədbirləri soruşursuz. Səfərlər olacaq, planlaşdırılan səfərlər var, biz onların tarixini də bilirik. Şərait olanda isə ən yüksək səviyyədə də görüş olacaq. - Təkcə Azərbaycanda yox, bütün postsevet məkanında Rusiyanın Rusiya vətəndaşlığı üçün qaydaları sadələşdirməsi diqqət mərkəzindədir. Hətta rusdilli insanların və keçmiş Sovet İttifaqında yaşayanlar üçün yaradılmış bu şəraiti bir sıra ekspertlər Sovet İttifaqı xiffəti və nostalgiyası ilə əlaqələndirirlər. Belə fikirlər də var ki, guya Moskva Sovet İttifaqını bərpa etmək istəyir. Əslində Rusiya Rusiya vətəndaşlığı prosedurasını sadələşdirməklə hansı məqsədi güdür? - Əlbəttə, bu məsələ ilə bağlı çox fikirlər və mülahizələr var, o cümlədən Azərbaycan mətbuatında. Onlar baş verənlərdən və Rusiya Federasiyasının qanunvericiliyinə hansı dəyişikliklərin edilməsindən xəbərsiz olmaqdan irəli gəlir. Söhbət nədən gedir? Rusiyaya xarici vətəndaş gəlir -oxumağa, işləməyə, qohumlarının yanına yaşamağa, ailə qurmağa gəlir. O, əvvəlcə Rusiyada bir illik müvəqqəti yaşamaq hüququ alır. Sonra o, bu müddəti uzada bilər. 3 ildən sonra o, xarici kimi Rusiya ərazisində daimi yaşamaq hüququ ala bilər. Eyni prosedur Azərbaycandadır, tam olaraq eynidir. Bundan sonra müəyyən müddət keçəndən sonra, Rusiyada 5 ildən, Azərbaycanda 7 ildən sonra o, Rusiya Federasiyasının vətəndaşlığını istəyə bilər. Azərbaycanda da eynilə belədir. İndi yeni qanunla rus dilinin daşıyıcısı olan insanlar üçün bu 5 illik müddət azaldılıb. Vətəndaşlığı dərhal almaq olar. Söhbət Rusiya Federasiyasının ərazisində qanuni əsaslarla daim yaşayan şəxslərdən gedir. Rusiya öz sərhədlərini açıq, rusları bir yerə yığır, gəlin yenidən Rusiya torpağında birləşək, Rusiya imperiyasını və ya Sovet İttifaqını bərpa edək kimi mülahizələrin heç bir əsası yoxdur. Söhbət Rusiya Federasiyasının ərazisində olan və qanuni əsaslarla daimi yaşayan şəxslər üçün Rusiya vətəndaşlığının alınması şərtlərinin sadələşdirilməsindən gedir. Siz soruşursuz ki, biz niyə bunu edirik? İki səbəb var, birincisi iqtisadi səbəblərdir. Bizim işçi qüvvəsinə böyük ehtiyacımız var. Bilirsiz ki, Rusiyada demoqrafik vəziyyət çox ağırdır. Biz əlavə işçi qüvvəsinin, kadrlarının cəlb edilməsində maraqlıyıq. Və təbii ki, rusdilli kadrlar və mütəxəsisslər bizim şəraitə daha tez adaptasiya oluna, daha böyük xeyir verə bilərlər. İkinci məqam, təbii ki, burada rusdilli insanlarla həmrəylik, soydaşlarla həmrəylik məqamı var. Yeri gəlmişkən, bunu digər ölkələr də tətbiq edir. Siz bilirsiz ki, İsraildə vətəndaşlıq verilməsinin necə liberal rejimi var. Son illərdə Macarıstan harada yaşamalarından asılı olmayaraq vətəndaş olmaq istəyən bütün etnik macarlara vətəndaşlıq verirdi. Eyni proseduru Rumıniya və Moldova ərazisində yaşayan rumınlara tətbiq edirdi. Təkrar edirəm biz bu proseduru yalnız Rusiyaya leqal olaraq gələnlərə və Rusiya hakimiyyətinin ölkəmizdə yaşamağa icazə verdiyi şəxslərə şamil edirik, söhbət bundan gedir. Dəyişikliklərdə heç bir inqilabi, heç bir prinsipial yenilik yoxdur. Mən sizin mütəxəsisslərin, sizin ekspertlərin rəyini oxumuşam. Mən bu qanunun Azərbaycan-Rusiya münasibətlərinə heç cür təsir göstərməyəcəyini proqnozlaşdıranlarla razıyam. - Ümumiyyətlə, siz özünüz necə hesab edirsiz, SSRİ-nin bərpası ideyasını düşünən müəlliflər nə dərəcədə haqlıdırlar? - Bu, özü də çox maraqlı mövzudur. Xüsusən də Ukraynada baş verənlər baxımından. Mənim prezidentimi neoimperiya ambisiyalarında ittiham edirlər, deyirlər ki, o Sovet İttifaqını bərpa etmək qərarına gəlib, Gürcüstandan başlayıb, sonra Ukrayna olub. Bəzi sizin politoloqlar deyirlər ki, növbəti Azərbaycan olacaq. Yeri gəlmişkən, sizin kanalda da hərdən belə fikirlər səslənir. Tamamilə doğrudur, mən demək istəyirəm ki, bizim prezident mənim fikrimcə bu suala ən yaxşı cavab olan bir ifadəni təkrar etməyi xoşlayır. Bu ifadə belədir: "SSRİ-nin dağılmasından heyfslənməyinin ürəyi yoxdur. Onun bərpasını mümkün sayanların isə başı yoxdur". Hesab edirəm ki, bu sizin mənə verdiyiniz suala ən yaxşı cavabdır. - Krımla Dağlıq Qarabağ arasında paralellər aparanlar var. Onlar öz düşüncələrini belə ifadə edirlər ki, oxşar vəziyyət Azərbaycanda da təkrarlana bilər. Ümumiyyətlə, yaranmış yeni şəraitdə Rusiyanın Azərbaycanın ərazi bötövlüyünə münasibəti dəyişməyibmi? Yəni Rusiya həmişəki kimi əlini ürəyinin üstünə qoyub deyə bilərmi Azərbaycanın ərazi bütövlüyünü tanıyır? - Bilirsiz, siz məndən Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması barədə sual verəndə mən inciyə də bilərəm. Çünki Azərbaycanla Rusiya arasında çoxsaylı sənəd imzalanıb və onlarla biz Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq tanınmış sərhədlər çərçivəsində tanıyırıq. Bu sənədlər prezidentlər və xarici işlər nazirləri tərəfindən imzalanıb, imzalanmadan qəbul olunanları da var. Bu o dərəcədə aydındır ki, bunu təkrar etmək də lazım deyil. Mən təbii ki, sizi başa düşürəm. Birincisi, inciməyəcəm, çünki biz dostuq. İkincisi mən başa düşürəm ki, bu niyə baş verir? Bu, Krımdakı vəziyyətlə bağlıdır. Krımda baş verən baş verib. Bu tamamilə unikal bir haldır. Bu, Ukraynada baş verən hadisələrlə bağlıdır. Krım hesab etdi ki, Kiyevdə baş verənlər dövlət çevrilişidir və bu hakimiyyətin legitimliyini tanımadı. Bundan sonra Krımın qanuni seçilmiş parlamenti müstəqillik haqqında qərar qəbul etdi. Bu qərar, həmçinin müstəqillikdə nə edilməsi barədə sual referenduma çıxarıldı. Referendumda böyük səs çoxluğu ilə müstəqilliyin elan edilməsi və Rusiyaya birləşmə barədə qərar qəbul olundu. Buna reaksiya verildi və 1954-cü ildə tarixi torpağın anlaşılmaz səbəbdən digər ölkəyə verilməsi kimi böyük bir səhv aradan qaldırıldı. Bu tamamilə unikal haldır, paralellər aparıla bilməz. Dağlıq Qarabağla bağlı düşünülənlər və söylənənlər süni paralellərdir. Dağlıq Qarabağ tamam başqa bir problemdir, onun öz həlli prosesi var və biz bunda iştirak edirik. - Rusiya, ABŞ və Fransa Minsk qrupunun həmsədrlərindəndir. Yaranmış vəziyyət həmsədrlər arasında yeni diplamatik münasibətlər yaradıb. Yaranmış şərait Qarabağ probleminin həllinə neqativ təsir edə bilərmi? Siz doğrudan hesab edirsiz ki, Minsk qrupunda gərginlik var? - Əlbəttə, belə bir narahatlığım var. Belə ki, Rusiya ABŞ kimi və ABŞ da Rusiya klimi Minsk qrupunun həmsədrləridir. Düşünürəm ki, onlar arasında yaranmış narazılıq Qarabağ probleminin həlli istiqamətində aparılan müzakirələrə neqativ təsir edə bilər. Mən sizə demək istəyirəm ki, hələlik bütün bu fərziyyələr özünü doğrultmur. Minsk qrupu işlədiyi kimi işləyir. Yəqin ki, bu 3 diplomata beynəlxalq vəziyyətin daha sabit olduğu bir şəraitdə işləmək daha rahat olardı. Amma qrup işləyir və öz missiyasını yerinə yetirir. Bu əməkdaşlığın darmadağın olacağına böyük təhlükə yoxdur. Əlbətdə, Minsk qrupuna müxtəlif cür yanaşırlar. Onun fəaliyyətini müxtəlif cür qiymətləndirmək sizin hüququnuzdur. Kimsə onu effektiv, kimsə isə qeyri-effektiv sayır. Amma bu gün bu münaqişənin tənzimlənməsinin yeganə formatıdır. Biz bu qrupa sadiqliyimizi dəfələrlə bəyan etmişik, onun effektiv olması üçün əlimizdən gələni edirik ki, bu qrup tərəflərə münaqişənin həlli yolunu tapmağa kömək etsin. - Bir sualım da son vaxtlar xeyli fəallaşmış Jirinovskinin bəyanatları ilə bağlıdır. Bəzən sizin qoyduğunuz pozisiyadan daha irəli gedərək Dağlıq Qarabağla bağlı bəyənatlar verir. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyənatlar verir. Jirinovskinin bəyənatlarına sizin münasibətinizi soruşmaq istəyirəm... - Vladimir Jirinovski qanunverici orqanın nümayəndəsidir. Mən icraedici hakimiyyəti təmsil edirəm. Mən ona nə deməli olduğu barədə göstəriş verə bilmərəm. Səfir və Rusiya Federasiyasının vətəndaşı kimi mənim öz mövqeyim var. Və səmimi demək istəyirəm ki, mən bu bəyanatlara görə utanıram. Məni eşidənlərə, bu sualı məndən indiyə qədər soruşanlara demək istəyirəm ki, Rusiyanın Azərbaycanla bağlı siyasətini Jirinovski müəyyən etmir. Rusiyanın Azərbaycan, həm də digər ölkələrlə bağlı siyasətini prezident Vladimir Vladimiroviç Putin müəyyən edir. Onun Azərbaycanla bağlı hansı mövqe tutduğunu bilirsiz. Bu yanaşmanın bəzi elementlərilə bağlı sizə danışa bilərəm. Mən bir məqamı da deyim, Vladimir Volfoviç Lavrova məktub yazıb ki, məni Bakıdakı səfir postundan geri çağırsınlar. Mənim bəzi çıxışlarım onun xoşuna gəlmədi və o, mənim ölkəni pis təmsil etdiyimi bəyan edərək geri çağırılmamı istədi. Bu iki il əvvəl olmuşdu, görürsüz ki, mən burdayam. Bu da onun siyasəti müəyyənləşdirməməsinə, mənim dediyimə daha bir təsdiqdir.