Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C variantı üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları arasında keçirilən “Aktiv ol!” layihəsinin mükafatlandırma mərasimi keçirilib.
“Divan Ekspress” oteldə baş tutan mükafatlandırma mərasimini giriş sözü ilə açan layihənin rəhbəri Əfsələddin Ağalarov, ilkin olaraq tədbirdə iştirak edən qonaqlara layihə haqqında geniş məlumat verib. O, layihənin keçirildiyi 01 mart- 01 aprel tarixləri ərzində layihənin böyük marağa səbəb olmasından danışıb.
Layihə rəhbəri jurnalistlər arasında baş tutan “Aktiv ol!” layihəsinin paintball turniri çərçivəsində keçirildiyini xatırladıb. O, layihə müddəti ərzində öz dəstəyini əsirgəməyən Azərbaycancan Respublikasının Prezidenti yanında Gənclər fonduna layihənin həyata keçirilməsində yaratdıqları imkanlara görə təşəkkürlərini bildirib:
“Turnir çərçivəsində keçirilən bütün oyunlar KİV ilə ictimaiyyətin diqqətinə çatdırıldı. Eyni zamanda biz layihə iştirakçılarının oyunlardan sonra müzakirələr keçirməsi və layihəni yaxından izləyən insanların daim yenilən məlumatlarla tanış olması üçün “Aktiv ol!” adlı “facebook” səhifəsi yaratdıq. Bu səhifədə istifadəçilər hər gün yenilənən məlumatlar əldə edirdilər”.
Tədbir zamanı çıxış edən və turnirin qalibi olan “Editor.az” komandasının rəhbəri Fərid Şahbazlı, turnirin yüksək səviyyədə keçirildiyini və bu layihənin çox qısa zamanda ictimaiyyət tərəfindən böyük marağa səbəb olduğunu deyib:
“Bu gün keçirilən layihələrə baxdıqdan onların keçirilmə şəraiti ilə bağlı heç bir məlumat əldə edə bilmirik. Amma “Aktiv ol” layihəsi bir ay müddəti ərzində Azərbaycanda gənclər sektorunda öz varlığını hiss etdirmiş və ictimai rəydə öz mövcudluğunu ortaya qoymuşdur. Buna görə layihənin rəhbərinə və layihənin ərsəyə gəlməsində xidməti keçən hər kəsə təşəkkür edir və bu cür layihələrin davamlı olmasını arzulayıram”.
Çıxış üçün kürsüyə dəvət olunan Qan Donorları Asossasiyasının prezidenti Fuad Əsgərov da layihənin təşkilatçılığının yüksək səviyyədə olduğunu bildirib:
“Layihə çərçivəsində baş tutan hər oyunun bu qədər tez və geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırılması, layihəyə aid sosial şəbəkədəki səhifələrdə olan məlumatların tez-tez yenilənməsi təşkilati işlərin yüksək səviyyədə olduğunu göstərir. Qan Donorları Asossasiyası olaraq biz bu layihənin bir çoxları üçün nümunə olacağına inanırıq”.
Tədbirdə çıxışçılar arasında Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin şöbə müdiri Səbuhi Abbasoğlu da olub.
Tədbirdə çıxış edən Azərbaycan Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva da layihənin mükafatlandırma mərasiminin yüksək səviyyədə təşkil olumasından və Gənclər Fondunun Azərbaycan gənclər üçün gördüyü işlərdən bəhs edib.
Daha sonra tədbir iştirakçılarına “Aktiv ol!” layihəsinin video-çarxı təqdim edilib.
Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.
Xatırladaq ki , 1 ay davam edən layihədə 8 komanda iştirak edib. Bu komandalar arasında birinci yeri “Editor.az”, ikinci yeri “Kiv.az”, üçüncü yeri isə “Azxeber.com” komandaları tutub.