"Jurnalistlər bu aksiya ilə təbiətin sağlamlaşmasına dəstəklərini göstərdi"

"Jurnalistlər bu aksiya ilə təbiətin sağlamlaşmasına dəstəklərini göstərdi"
SOSİAL
15:47 27.04.2023
1026
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bəs bu kimi aksiyaların keçirilməsinin nə kimi əhəmiyyəti var?

Məsələ ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeniçağ" media qurumunun rəhbəri Aqil Ələsgər AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu aksiyalar sayəsində yaşıllıqlardan məhrum ərazilərdə on minlərlə ağac əkilir:

"Yəqin diqqət etmisiniz, son dövrlərdə kütləvi ağacəkmə kampaniyaları təşkil olunur və bunun sayəsində yaşıllıqlardan məhrum bomboz ərazilərdə on minlərlə ağac əkilir. Mən özüm şəxsən bir neçə dəfə o kampaniyalarda iştirak etmişəm. Həm zövqlü, həm də çox faydalı fəaliyyətdir. Bilənlərə məlumdur ki, ağaclar planetimizin oksigen mənbəyidir. Yəni, ağaclar nə qədər çox olarsa, Yerdə həyatın əsas şərti olan oksigen qıtlığı yaranmaz. Bunun əhəmiyyətini daha aydın izah etmək üçün Ümummilli lider Heydər Əliyevin ibrətli sözlərini xatırlatmaq istəyirəm: "Bir ağacı kəsən sanki mənim qolumu kəsir”. 

Jurnalist əlavə edib ki, hər kəs imkan olduqca ağac əkməlidir:

"Ona görə də ağacəkmə kampaniyalarının genişləndirilməsi və orada iştirak edən insanların sayının artması çox vacibdir. Bu qədər yüklənmiş Bakı şəhərinin ekoloji vəziyyətini belə kampaniyalarla nisbətən yüngülləşdirmək, paytaxtın oksigen təminatını yaxşılaşdırmaq olar. Bu səbəbdən, imkan düşdükcə ağac əkməyə ərinməməli, əksinə, bu işi ənənəyə çevirməliyik".

Mövzu ilə bağlı Medianın İnkişafı Agentliyinin nümayəndəsi, BDU-nun dosenti Pərvanə İbrahimova da AZXEBER.COM-a açıqlamasında deyib ki, aksiya ətraf mühitin qorunması, yaşıllıqların artırılması, təbiətin mühafizəsinə bir töhfədir:

"Medianın İnkişafı Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə
Ümummilli liderimizin 100 illik yubileyinə həsr olunmuş aksiya ətraf mühitin qorunması, yaşıllıqların artırılması, təbiətin mühafizəsinə bir töhfədir. Çoxsaylı media nümayəndələrinin iştirakı ilə keçirilən aksiya həm də həmrəylik baxımından əhəmiyyətlidir. Aksiyada iştirak edən hər bir şəxs prosesə qatılmaqla həm də təbiətin sağlamlaşmasına öz dəstəklərini nümayiş etdirdilər".

"Şərq" qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı da məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bölüşüb:

"Bu aksiya dəyərləndiriləsi bir işdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası aparıldı. Biz də o tədbirə qatıldıq. Təbiətin gözəlləşdirilməsinə, yaşıllığın artırılmasına öz töhfəmizi verdik. Bu kampaniya Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilib. Heydər Əliyevin də təbiətə, Bakıda yaşıllığın artırılmasına, Azərbaycan ərazilərində yaşıllıqların daha çox miqyas əhatə etməsinə töhfələri var. Onun həm də məşhur deyimi də var idi. Deyirdi ki, "kim bir ağac kəsirsə, elə bil ki, mənim qolumu kəsir”.

Akif Aşırlı qeyd edib ki, bu kimi aksiyalar Azərbaycanın gözəlliyinə xidmət etmiş olur:

"Bu gün Heydər Əliyevin arzusuna uyğun şəkildə bu qolların, budaqların, ağacların artırılması ilə məşğul olduq. Düşünürəm ki, bu, xeyirxah bir təşəbbüsdür. Həm də ekoloji baxımdan Azərbaycanın gözəlliyinə xidmət etmiş olduq".

Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc edilib.

 


 

OXŞAR XƏBƏRLƏR