Küçələrdə kvas, pirojki, smit və s. satışı qadağan edildi
MARAQLI
11:36 08.07.2011
1843
Bu barədə Respublika Gigiyena və Epidemologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev ANS-ə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, bu tip kvas içkilərinin satışına sertifikatların verilməsi tamamilə ləğv olunub.
“İçkilər və dondurmalar laboratoriyalarda yoxlamalardan keçməlidir. Şəraiti olmayan yerlərdə sərinləşdiriçi içkilərin satılması qadağandır. Bu barədə Rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə göstəriş vermişik ki, bu halların qarşısı alınsın. Bu həmçinin, yol kənarlarında şəriatsiz satılan sərinləşdirici sulara, içkilərə də aiddir”,- deyə İmran Abdullayev vurğulayıb.
İ.Abdullayevin sözlərinə görə, “Sədərək” ticarət bazarında və maşın bazarında kvas satışı aşkarlanıb və bunun qarşısının alınması üçün müfaviq tətbirlər görülür. Bundan əlavə yol kənarlarında, küçələrdə, bazarlarda və insanların sıx olduğu yerlərdə əldə satılan pirojki, bulka, smit və digər bişirilmiş un məmulatlarının da satışının qarşısı alınacaq.
“Bir də görürsən ki, xəstə bir insan əlində çirkli ləyən, onun da içərisində pirojki, bulka və s. satır. Bu, başdan-ayağa mikrob mənbəyidir. Bilirsiniz, günah satanda deyil, onu alan şəxsdədir. O, sağlamlığının qeydinə qalmalıdır. Hansısa mağazadan, dükandan yemək alanda, həmin sahibkar o qidaya cavabdeh olur. Amma küçədən keçən insan qida satırsa onu almaq olmaz. Çünki, həmin şəxs satdığı yeməyə cavabdeh deyil. Əməkdaşlarımız reydlər keçirir və belə hal aşkar olunursa, polisin gücü ilə həmin şəxs cəzalandırılır”, deyə İ. Abdullayev qeyd edib.