Kamçatkada baş vermiş 8.7 maqnitudalı zəlzələdən sonra 50-dən çox afterşok qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidmətindən məlumat verilib.
"İlkin zəlzələ Bakı vaxtı ilə saat 03:24-də (yerli vaxtla 11:24) baş verib. Ondan sonra 50-dən çox afterşok müşahidə olunub, onların bir neçəsi hiss olunacaq qədər güclü olub", - deyə qurumdan bildirilib.
Zəlzələ nəticəsində Kuril adalarında 2 700 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Şimali Kuril rayonunda isə zəlzələ və sunami səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
Bundan əlavə, Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş vermiş zəlzələdən sonra ölkənin qərb sahillərində sunami təhlükəsi elan edib. Məlumata görə, dalğaların hündürlüyü 1 metrə qədər ola bilər.
"Xəbərdarlıq ləğv olunana qədər vətəndaşlara çimərliklərə yaxınlaşmamaq tövsiyə olunur. Limanlarda isə güclü axınların baş verməsi ehtimalı var. Bu səbəbdən limanlarda dayanan gəmilərə qarşı xüsusi diqqətli olmaq lazımdır", - deyə mərkəzdən bildirilib.
Zəlzələdən sonra sunami təhlükəsi həmçinin Çinin şərq sahillərində və Tayvanda da elan olunub.
/Oxu.Az