Rusiyanın Kamçatka diyarında Bakı vaxtı ilə saat 18:35 radələrində (yerli vaxtla avqustun 1-i saat 02:35-də) 6,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Afterşok Sakit Okeanın təxminən 24 km dərinliyində qeydə alınıb, ocağı isə Petropavlovsk-Kamçatskidən 239 km aralıda yerləşir.
Bu afterşok əsas zəlzələdən sonra ən güclü afterşoklardan biri olub. Son bir neçə saat ərzində maqnitudası 4-5,9 arasında olan afterşoklar təxminən hər 10-20 dəqiqədən bir qeydə alınır və onların tezliyi tədricən azalır.
Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24) Sakit Okeanda Kamçatka yaxınlığında 8,7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.
/Oxu.Az