Kamran Ağayev: Nə danışdığımı özüm də bilmirəm, ağzıma gələni danışıram (MÜSAHİBƏ)
İDMAN
16:04 12.11.2011
2377
Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın əsas qapıçısı Kamran Ağayev bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, qapıçı son zamanlar haqqında gəzən söz-söhbətlərə, gələcək taleyinə aydınlıq gətirib.- Əvvəlcə son vaxtlar haqqınızda gəzən məsələlərə münasibət bildirərdiniz...- Əvvəlcə Azərbaycan xalqını Qurban Bayramı, eləcə də dünən milli komandamızın qazandığı qələbə münasibəti ilə təbrik edirəm. Son 3-4 gün ərzində haqqımda daha çox danışırlar. Hazırda zədəmin müalicəsi ilə məşğulam. Deyə bilərsiniz ki, mən niyə gəzirəm? Maskalanmaqdansa, belə daha yaxşıdır. Düzü, heç bilmirəm klubdayam, ya yox? Amma mən “Xəzər Lənkəran” klubunun futbolçusuyam. Fanatlar çıxarıb ki, guya mən “Neftçi” ilə gizli danışığa getmişəm, onların bazasında olmuşam. Bunlar tamamilə yalandır. Mən “Neftçi” klubunun formasını geyinməyəcəyəm. Əgər 4-5 ildən sonra dəvət olsa belə, əvvəlcə “Xəzər Lənkəran”ın rəhbərliyindən, fanatlarından halallıq aldıqdan sonra bu komandaya keçə bilərəm. İnsana ilk növbədə can sağlığı lazımdır. Mən də hazırda zədəmlə məşğulam. Hələ klubla müqaviləm qüvvədədir.- “Xəzər Lənkəran” rəhbərliyi bildirir ki, sizinlə uzunmüddətli müqavilələri var...- Mənim klubla gələn yaya qədər müqaviləm qüvvədədir. Yəqin ki, mənim kluba daha çox bağlılığımı nəzərə alıb, belə söyləyiblər. “Xəzər Lənkəran məni qovsun, gedib 6 ay oturum evdə. Yenə “transfer pəncərəsi” açılanda, gedib, onlarla danışacağam. Çünki mən “Xəzər Lənkəran”ı bir ailə, özümü isə bu ailənin bir üzvü hesab edirəm. Mən Rahid Əmirquliyev və Valeri Abramidze ilə birgə bu komandaya gəlmişəm. İndi Abramidze olmasa da, Rahidlə mən bu komandadayıq.- Məlumata görə, siz və Elnur Allahverdiyev məşqdə özünüzü heç də yaxşı aparmırsınız. Xüsusən də, Vobay və Antonio Semedonu “qaralamısınız”. Baş məşqçi Mirça Rednik isə sizin səsinizi eşidəndə, artıq başını aşağı salır. Buna münasibətiniz necədir?- Nə qədər onlar getməyiblər, Azərbaycandadırlar, bunu onlarla dəqiqləşdirin. Onlara qarşı heç bir qərəzim yoxdur. O ki, qaldı mən qışqıranda, Rednikin başını aşağı salması, bu da yalandı. Çünki mən pis mənada qışqırmıram. Bunu hamı, Lənkəran camaatı da bilir ki, mən meydançada olmayanda, məşq sönük keçir. Rednikə mənim haqqımda “Red Bull” desəniz, gülümsəyəcək.- “İnter”lə oyuna çıxmadınız. Ardından Lənkəranda “Kəpəz”ə qarşı oynadınız. Prinsipial qarşılaşmada, “Neftçi” ilə oyunda da iştirak etmədiniz. Niyə güclü rəqiblərə qarşı görüşdə forma geyinmirsiniz?- Birinci dövrənin çox oyununda oynamışam. Amma zədə mənə bəzi qarşılaşmalara çıxmağa imkan verməyib. Lakin məni əvəzləyən də yaxşı qapıçıdır. “İnter”lə oyunda yaxşı mübarizə apardı, sadəcə, rəqib əla qol vurdu. Eyni zamanda, “Neftçi” ilə görüşdə buraxdığı qollarda da onu tam günahlandırmaq olmaz. Kim deyə bilər ki, mən meydançada olsaydım nə olacaqdı?- Deyilənə görə, Bakıda sizi kimsə yoldan çıxarır...- Mən Bakıda oluram ki, kimsə də yoldan çıxarsın? Klubda hər kəslə, o cümlədən direktor Höccət Hacıyevlə də yaxşı münasibətim var, bir birimizə hörmət edirik. Bilirsiniz, mənim müqaviləm olmasa da, “Xəzər Lənkəran” üçün oynayacağam. Mən Bakıya cəmi bir şalvar və bir köynəkdə gəlmişəm. Bundan sonra nə qazanmışamsa, öz zəhmətimin sayəsində olub. Yəqin ki, mən də “Xəzər Lənkəran” üçün az iş görməmişəm. Bütün çətin görüşlərdə meydançaya çıxmışam. Hələ Avroliqanın bu ilki oyunlarından öncə mənə Avropadan ciddi təklif gəlmişdi. Gedib, deyə bilərdim ki, mənə təklif gəlib gedirəm. Amma bunu etmədim. Tarixdə o qədər futbolçular olub ki, mən heç onların atılan dırnağı deyiləm. Sadəcə olaraq, mən meydançada uduzmağı xoşlamıram, həmişə qələbə üçün oynayıram.- Həqiqətən də “Xəzər Lənkəran”a qapıçı gətirilməyinin əleyhinə çıxmısınız?- Hegemon deyiləm, orta futbolçuyam. Zədəm olduğuna görə oynamamışam. Mərkəzi Gömrük Hospitalında müayinədən də keçmişəm. Bununla tanış da ola bilərsiniz. Rednik gəldikdən sonra artıq komandaya 3 qapıçı gəlib. Mən klubu yaratmamışam ki, buna qadağa da qoyum. Rednik gələndən sonra 2 səhvim olub. Bunlardan biri “Neftçi”, digəri isə “Bakı” ilə oyuna təsadüf edib. Nə olsun? Azərbaycan kubokunun finalında Elnur Abdullayev qol vura bilmədi, mən top qaytardım, bu dəfə isə mən səhv etdim, başqası vurdu.- Zədəli olduğunu klub rəhbərliyi və ya məşqçilər korpusu ilə daha geniş müzakirə edə bilməzdiniz? Belə olan halda, bu qədər söz-söhbət də meydana çıxmazdı...- Mən 5-6 ildir “Xəzər Lənkəran”da oynasam da, hələ də bilmirəm ki, klub prezidenti Mais Mənsimov ofisdə harada oturur. Mənim işim meydançadadır. Sizə bir söz deyim, oyundan sonra mən özümdə olmuram. Nə danışdığımı özüm də bilmirəm, ağzıma gələni danışıram. Amma 3-4 gündən sonra dərk edirəm ki, mən nə danışmışam.- Redniklə aranızda nəsə problem varmı?- Xeyr. Mən də, o da çempionluq istəyirik. Amma mən bunu tək edə bilmərəm. Ceki Çan deyiləm ki, tək 5 nəfərin üstünə düşüm. Bunun üçün hamımız çalışmalıyıq.- Demək olarmı ki, Rednik ictimai qınaqdan qaçmaq üçün “Kəpəz”lə oyunda məhz sizi meydançaya buraxdı?- Bilirsiniz ki, bizə mətbuatla ünsiyyətə qadağa qoyulub. Amma mənimlə münasibət tam başqa cürdür. Yenə də jurnalistlərə açıq danışmaq istəmirdim. Düzü, jurnalistlər mənə zəng vuranda yolda idim, məşqə gedirdim. Yalnız məşq bitdikdən sonra mən bundan xəbər tutdum ki, komandanın kapitanı deyiləm. Həmişə zədələr olub. Hətta onurğadan əməliyyat olunmuşdum. İnsan sağlam formada daha lazımlıdır. Odur ki, indi sağalmalıyam. Əslində mən həmin əməliyyatdan sonra idmana qayıtmamalı idim. Amma problemlər, ehtiyac olduğuna görə qayıtdım. Arsızlıq edib, qayıtdım.- Agentiniz bildirib ki, sizi ölkə xaricinə çıxarıb, Belçika və ya Hollandiya çempionatında yarışan bir komanda ilə müqavilənizə vasitəçi ola bilər. Bu barədə nə düşünürsünüz?- Əlbəttə ki, Avropada oynamaq istəyirəm. Amma burada mənim kimi qapıçı vaqonlarladır. Düzdür, biz “Neftçi”nin eşqi ilə futbolçu olmuşuq. Hələ uşaq vaxtı ağ-qaralı top deyib, gəzmişik. Amma indi mən “Xəzər Lənkəran”a bağlı adamam. Xaricə gedəndə də, gələndə də onlarla məsləhətləşəcəyəm.- Danışdıqlarınızdan belə çıxır ki, siz “Xəzər Lənkəran”dan getmək istəmirsiniz...- Müqavilə kişi sözüdür. Mənim bu klubla müqaviləm qüvvədədir.