Xəbər verdiyimiz kimi, Kanadada yaşayan Vətən müharibəsi iştirakçısı, 27 yaşlı Sadiq Adıgözəlov yaşadığı Toronto şəhərində vəfat edib.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, mərhumun yaxınları onun gecə yuxuda olarkən ürəktutmasından dünyasını dəyişdiyini bildiriblər.
"Anasının vəziyyəti çox ağırdır. Kanada ilə aramızda 9 saat fərq var. Bizim vaxtla gecə saat 11-12 radələrində Sadiq həyatını itirib. Onlarda isə bu, səhərə yaxın baş verib. Ölümündən əvvəl heç bir şikayəti olmayıb. 44 günlük Vətən müharibəsində iştirak edib və salamat şəkildə geri dönmüşdü. Amma bir gecənin içində bizimlə sağollaşdı. Hazırda ekspertizadadır, nəşi hələ təhvil verilməyib. Sadiq ailəsi ilə birlikdə Kanadada yaşayırdı. İşləyirdi, lakin ailəsindən ayrı evdə qalırdı. Azərbaycana qayıtmaq və burada iş qurmaq planları var idi. Hamısı yarımçıq qaldı. Kanadada pul qazanıb, vətənində öz biznesini açmaq istəyirdi. Həmçinin meyitin Azərbaycana gətirilməsində ailənin maddi vəziyyətinin yaxşı olmaması ilə bağlı çıxan xəbərlər həqiqətdir. Əlimiz, qolumuz bağlı oturub yolunu gözləyirik ki, onu torpağa tapşıraq. Allah rəhmət etsin”, – deyə mərhumun yaxınları bildiriblər.
Oksana Orucova