Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Kanada Parlamenti İcmalar Palatasının Liberallar partiyasından olan üzvü Stefan Dion ölkəmizin Kanadadakı səfirliyində olmuşdur.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, səfir Fərid Şəfiyevlə görüşdə S.Dion bir müddət əvvəl Suriya qaçqınlarının vəziyyətini öyrənmək üçün Ermənistanda səfərdə olarkən təsadüfən Dağlıq Qarabağa gəlib çıxdığını bildirmişdir. O, heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımadığını və oraya səfər edərkən Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olduğunu vurğulamışdır. Kanadalı deputat Azərbaycana hörmət etdiyini və ölkəmizin dostu olmaq istədiyini bildirmişdir.Bundan başqa, S.Dion Azərbaycan səfirliyinə məktub ünvanlayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində, sülh yolu ilə həllinə dəstəyini izhar etmiş və Kanada ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək arzusunu bildirmişdir.