Kazım Abdullayev: “Vəziyyəti çox pis idi, qətiyyən danışa bilmirdi”

MƏDƏNİYYƏT
11:40 21.02.2023
434
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz vəfat edib.

AZXEBER.COM xəbər verir ki, Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir. Mərhumla son görüşə yaxınları, sənət adamları və onu sevənlər gəliblər. 

Vida mərasimində iştirak edən Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Kazım Abdullayev AZXEBER.COM-a açıqlamasında onu itirdiklərinə görə dərin sarsıntı keçirdiyini bildirib:

"Bizim üçün çox ağır hadisədir, biz onunla çoxdan tanışıq. Biz Ramiz ilə birlikdə Sumqayıt Dövlət Dram Teatrında işləmişik, sonra o, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına getdi, amma mən Sumqayıt teatrında qaldım. Birlikdə çox filmlərə çəkilmişik. Əlaqələrimiz çox yaxşı idi, təxminən 1 həftə öncə onunla telefonla danışmışam. Vəziyyəti çox pis idi, qətiyyən danışa bilmirdi. Bir ara düzəlmişdi, amma anidən yenidən halı pisləşdi. Xəstəlik belədir, onunla bir yerə qədər mübarizə apara bilirsən. 1 ay öncə tamaşaya da gəlmişdi. Səhhəti ilə bağlı nəsə sual verəndə deyirdi ki "yaxşıyam”. O, bizi inandırırdı ki, yenidən tamaşalar oynayacaq, ancaq çox təəssüf. Hər birimizin başı sağ olsun. Arzuları çox idi, lakin yerinə yetirə bilmədi”.

Kazım Abdullayev Ramiz Novruzu hər zaman xoş xatirələrlə xatırlayacağını bildirib:

"Mən onunla çox filmlərdə oynamışam. Mən onu hər zaman xoş xatirələrlə xatırlayacağam. Heyif ki, dostumuzu, qardaşımızı itirdik. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında dünyasını dəyişib.
 
Aydın

OXŞAR XƏBƏRLƏR