Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini Rəşadət Həsənovun məhkəməsi başa çatıb.AZXEBER.COM-un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Rəşadət Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.Onunla həmin qətl hadisəsində iştirak edən Oleq Borisovets 14 il, Fərid Xasməmmədov 10 il, Bahadur Mustafayev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Lakin dəstənin digər üzvləri hökmdən apelyasiya şikayəti verməyiblər.İttihama görə, bu ilin mayın 30-da saat 02:30 radələrində Səbail rayonu ərazisində yerləşən və “Qırx pilləkən” adlandırılan yerdə Bakı şəhər sakini Natiq Həsənovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.Müəyyən edilib ki, mərhum Natiq Həsənov həmin gün tanışı, Rusiya Federasiyasının vətəndaşı, əvvəllər məhkum edilmiş Oleq Borisovets, Bakı şəhər sakinləri Rəşadət Həsənov, Fərid Xasməmmədov və Bahadur Mustafayev ilə birlikdə spirtli içki qəbul edib.Daha sonra O.Borisovets və Rəşadət Həsənov Natiq Həsənovun pulunu almaq üçün daşla onun başına bir neçə zərbə vurublar. O, öləndən sonra dostlar onun ciblərini axtarsalar da, bir qəpik də tapmayıblar.Onu da əlavə edək ki, təqsirləndirilən şəxslər Rəşadət Həsənov, Fərid Xasməmmədov və Bahadur Mustafayev uşaq evində böyüyüblər.Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər qətli sərxoş vəziyyətdə kef üçün törədiklərini bildiriblər.