Kəlbəcərdə itkin düşən çobanlardan üç aydır xəbər yoxdur: Müdafiə Nazirliyi axtarışlara qoşuldu

SOSİAL
10:26 24.09.2021
817
İyul ayında itkin düşən Daşkəsən rayon sakinləri - İsmət Bayramov və Ülfət Rüstəmovun qohumları onların axtarışından narazıdırlar.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, artıq üç ay olacaq ki, onlar itkin düşüblər:

"İyunun 29-dan itkindirlər. Axırıncı dəfə onları iki dayçanın dalınca Kəlbəcər tərəfə gedəndə görüblər. Hər ikisinin atası fermerlərə çobanlıq edir. Elə uşaqlar da atalarına kömək edirmiş. Üç aydır ki, onların axtarışı barədə heç bir məlumat verilmir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, iyul ayının 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir:

"Həmin şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata keçirilir.

Onların dumanlı hava şəraitində yolu azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçdikləri ehtimal olunur. Axtarış aparılan ərazilər minalanmış sahələrdir ki, bu da işlərin həyata keçirilməsində ləngimələrə səbəb olur”.

E.Qasımov qeyd edib ki, itkin düşmüş şəxslərin tapılması üçün axtarışlara Müdafiə Nazirliyinin də əməkdaşları cəlb olunub.

OXŞAR XƏBƏRLƏR