"Mərkəzi və Şərqi Avropa Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni və perspektivli bazara çevrilə bilər”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan-Serbiya iqtisadi əlaqələrini dəyərləndirərkən deyib.
O bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 135 milyon dollar olub:
"Azərbaycan–Serbiya arasında ticarət dövriyyəsi ötən il 135 milyon dollar olub. Ümumi ticarət dövriyyəsində Azərbaycan 107 milyon dollar yüksək saldoya malikdir. Bu isə onu göstərir ki, Azərbaycan Serbiyaya daha çox məhsul ixrac edir. Serbiyanın almaq istədiyi məhsullar arasında kənd təsərrüfatı məhsulları, xüsusilə pomidor və digər tərəvəzlər mühüm yer tutur”.
Parlamentari söyləyib ki, tərəvəz məhsullarının ixrac bazarlarının şaxələndirilməsi lazımdır:
"Tərəvəz məhsullarının ixrac bazarlarının şaxələndirilməsinə ehtiyac var. Bu, ixracın dayanıqlılığını təmin edəcək, fermerlərin gəlirlərinin artmasına və ölkəyə daha çox valyuta daxil olmasına şərait yaradacaq. Bu isə Azərbaycan üçün olduqca vacibdir”.
Deputat qeyd edib ki, ötən il bəzi fermerlərin pomidor ixracında çətinliklər yaranıb:
"2025-ci ilin yekunları göstərdi ki, ixracın bir bazardan asılı olması müəyyən çətinliklər yaradır. Xüsusilə Rusiya-Azərbaycan münasibətlərində müşahidə edilən problemlər səbəbindən ötən il bəzi fermerlərin pomidor ixracında çətinliklər yaranıb. Bu da onların ixrac həcminə mənfi təsir göstərir”.
Şahanə Ziyad










































