"Keşmiş MTN elə dəhşətli yer idi ki..."

"Keşmiş MTN elə dəhşətli yer idi ki..."
SOSİAL
12:32 10.02.2017
852
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vüsal Ələkbərov hədə-qorxu ilə tələb etmə, mənimsəmə, sübutları saxtalaşdırma, rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşmaqda ittiham edilir. 
 
Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs qismində tanınan iş adamı Nizami Kazımovun epizodu üzrə Şahin Hüseynov şahid qismində ifadə verib. O bildirib ki, Nizami Kazımovun kürəkəni Samirin dostu olub, Çanaqqala restoranında Tahir Əbdülqasımov və onun oğlu ilə birlikdə olub: "Həmin vaxt Tahir müəllim dedi ki, Nizami Kazımovun həbsdən azad edilməsi üçün evdən pulu götürüb və MTN-ə aparmaq lazımdır. Biz birlikdə evdən pulu götürmək üçün Həzi Aslanov qəsəbəsinə getdik. Evdən pulu götürəndən sonra MTN-ə getdik. Orada telefonla danışan zaman həmin şəxs dedi ki, hamınız gəlməyin, təkcə Samir pulu gətirsin. Maşını MTN-dən 20 metr aralıda saxladıq. Samir pulu götürərək MTN-in qapısına çıxan şəxsə verdi".

Daha sonra zərərçəkən iş adamı Hüseyn Səfərovla bağlı epizodlar üzrə şahidlərin dindirilməsinə başlanıb. 

Şahid qismində ifadə verən Səhiyyə Nazirliyinin Məhkəmə tibbi Ekspertiza və Anatomiya Elmi Təcrübə Tədrisi birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov bildirib ki, Hüseyn Səfərovu 2008-ci ildə MTN-in istintaq təcridxanasında saxlanıldığı zaman müayinə edib. O H.Səfərovun xəstə olması ilə bağlı ekspertiza rəyi verdiyini, həmin ekspertiza rəyini təsdiqlədiyini deyib. Rəyi verən zaman ona hər hansı təzyiq və tapşırıq olmadığını deyib.

Şahidin ifadəsinə arayış verən Hüseyn Səfərov deyib ki, onu Vüsal Ələkbərovun otağında müayinə ediblər. "Keçmiş MTN elə zülmət yerdi ki, oranı xatırlamaq belə mümkün deyil. Mənim müayinədən keçməyim üçün MTN müraciət edib, həkimdən keçməyimlə bağlı mənim ərizə və ya müraciətim olmayıb. Həmin vaxt həkimlər məni Vüsal Ələkbərovun xidməti otağında müayinə ediblər".

Daha sonra şahid qismində ifadə verən Vurğun Muradov bildirib ki, Bakı şəhəri Endokrinoloji dispanserində həkim işləyib. Onun sözlərinə görə, Hüseyn Səfərovu 8-9 il əvvəl müayinə edib: "Həmin vaxt onun şəkəri yüksək olub, boyun nahiyəsində damarında çapıq aşkar edilmişdi. Buna görə də Hüseyn Səfərovun daim müayinə olunmasına ehtiyac olması barədə rəy vermişdik". 
Digər məhkəmə eksperti Rafiq Nuriyev bildirib ki, Hüseyn Səfərovun xəstə olması, onun həbsdə saxlanılmasının mümkün olmaması barədə rəy verib. Vüsal Ələkbərov ekspertiza həkimlərinin ifadəsinə münasibət bildirib: "Məhkəmə tibbi ekspertizasının rəyində göstərildi ki, Hüseyn Səfərovun şəkərinin dərəcəsi yüksəkdir, hətta 500-dən çox idi. Belə vəziyyətdə o, MTN-in təcridxanasında şoka düşə bilərdi, həyatı üçün təhlükə var idi. Buna görə də onun həbsdən azad edilməsinə barədə qərar qəbul etdik".

Hüseyn Səfərov bildirib ki, həbs olunan zaman onun vəziyyəti daha ağır idi: "Həbs olunandan ilk günlər şəkərim yüksək idi. Daha sonra şəkərim aşağı olmalı idi. Çünki MTN-də mənə yağlı yemək verilmirdi, şəkərim də normasında olmalı idi. Vüsal Ələkbərov deyirdi ki, bizdə elə aparat var, şəkəri yüksək göstərir. Buna görə də mənim şəkərim yüksək göstərilib".

Daha sonra şahid qismində ifadə verən Nizaməddin Məmmədov bildirib ki, zərərçəkmiş Hüseyn Səfərovla quda olub. Onun sözlərinə görə, 2008-ci ildə Hüseyn Səfərovun həbsdən azad edilməsi üçün pul yığılıb: "Mən də 150 min manat vermişəm. Bu günə kimi də pulumu qaytarmağa Hüseynin imkanı olmayıb. O, mənə borclu qalıb. Bu gün də ondan pulumu tələb etmirəm".

"Banka pul qoyduğum üçün həbs edildim"

Şahid qismində ifadə verən İlham Məmmədov da 100 min dollar verdiyini deyib.  Hüseyn həbsdən çıxıb, sonra bankdan kredit də götürüb. O, həbsdən azad edilməsi üçün külli miqdarda borca düşüb, bu gün də borcludur. Mənim də pulumu qaytarmağa imkanı yoxdur".

İlham Məmmədov daha sonra ifadəsində qeyd edib ki, Hüseyn Səfərov "Texnikabank"ın Bakı filialına depozit pul qoyduğu üçün MTN tərəfindən həbs edilib: "Mən də həmin illərdə banka pul qoymuşdum. Amma sonradan pulumu həmin bankdan geri götürmüşdüm". 

Vüsal Ələkbərov qeyd edib ki, şahid İlham Məmmədovun banka qoyduğu pulunu geri qaytarması ilə bağlı istintaqını apardığı "Texnikabank"ın Bakı filialının vəzifəli şəxslərinin barəsində olan 613 saylı cinayət işində öz əksini tapıb. 

Daha sonra şahid qismində ifadə verən Azər Hüseynov bildirib ki, "Texnikabank"ın Bakı filialına 90 min manat depozit qoyub: "2008-ci ildə məni MTN-ə çağırdılar, orada Samir adlı müstəntiq məni dindirdi. Məndən tələb etdi ki, həmin pulu Hüseyn Səfərovun ailə üzvləri tərəfindən ödənilməsi barədə ərizə yazım. Mən də müstəntiqin dediyi kimi ərizə yazdım. Sonra bir ay gözləsəm də, mənə pulumu qaytarmadılar. Qaynım vəkil idi, onun vasitəsi ilə MTN-in rəhbərliyinə müraciət etdim. Sonra "Texnikabank" işində məni zərərçəkmiş şəxs qismində tanıdılar. Mən pulu Hüseyn Səfərova yox, Zal Yusifovun rəhbəri olduğu "Texnikabank"ın Bakı filialına qoymuşam. 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə də belə demişəm. Onlara mənim MTN-də olan söhbətimi də danışmışam. Nə Hüseyn Səfərov, nə də onun ailə üzvləri məndən heç nə tələb etməyiblər, pulumun ödənilməsi ilə bağlı hər hansı bir vəd də etməyiblər. Belə izahat yazmağımı MTN-nin Samir adlı müstəntiqi tələb edib". 

Baş redaktor da şahidlik etdi

Daha sonra prosesdə şahid qismində "Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov (Mərzili) ifadə verib. O, bildirib ki, Hüseyn Səfərov ilə 2011-ci ildə ləğv edilmiş Azərbaycan Beynəlxalq Unversitetinin rektoru Elşad Abdullayevin iş adamı Arzu Kazımovun barəsində verdiyi şikayətlərlə əlaqədar jurnalist araşdırması zamanı tanış olub: "Hüseyn Səfərovun 2014-2016-cı illərdə daxil olan şikayətləri, həmçinin onun iqtisadçi ekspert kimi müsahibələri qəzetdə dərc edilib. Bununla əlaqədar aramızda xoş münasibətlər yaranıb. Hüseyn Səfərovun MTN əməkdaşları barəsində Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını ilk dəfə özündən eşitmişəm". 

Asif Məmmədovun sözlərinə görə, Hüseyn Səfərov MTN-ə "Texnikabank"ın vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə ondan nazirliyin əməkdaşları Mövlam Şıxəliyev və Vüsal Ələkbərov tərəfindən 2 milyon dollar alındığını bildirib: "Həmçinin Hüseyn Səfərov dəfələrlə zəng edib, 2016-cı ilin mart ayının 27-də, saat 22 radələrində Nərimanov rayonunda "Şuşalılar" restoranını yanında adını unutduğum bir restoranda onunla görüşdük. Həmin vaxt ayrıca kabinetdə söhbət edən Hüseyn Səfərov pulunun MTN-nin istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev və şöbə rəisi Vüsal Ələkbərov tərəfindən təfsilatı ilı danışdı. Pulun özü həbsdə olarkən Vüsala oğlu tərəfindən verildiyini, Bakı istintaq təcridxanasında  həbsdə olan Vüsal Ələkbərovla üzləşdirildiyini bildirdi. Mən bütün bu faktları qəzetdə dərc etdim. Bundan sonra Baş Prokurorluqdan mənə zəng edildi, bu iş üzrə ifadəmi aldılar".

Asif Məmmədov daha sonra ifadəsində təqsirləndirilən Vüsal Ələkbərovu yaxşı tanıdığını, onun həbsdə saxlanılmasını istəmədiyini deyib: "Vüsal Ələkbərov nüfuzlu bir qurumun rəhbəri olub. Onun həbsdə saxlanılmasını arzu etmirəm, dəymiş ziyanı ödəsə, azadlığa çıxmasını arzulayıram. Vüsal Ələkbərov və Mövlam Şıxəliyevlə bağlı dəfələrlə qəzetimizdə silsilə yazılar gedib. Bundan sonra Mövlam Şıxəliyev və onun adamları bizim redaksiyaya müraciət ediblər. Hətta Mövlam Şıxəliyev tərəfindən redaksiyamıza şantaj xarakterli mesaj da gəlib. Mesajın hədə-qorxu hissəsini çıxmaq şərti ilə qalan hissəni qəzetdə dərc etmişik. Mövlam Şıxəliyev mesajında Hüseyn Səfərovun yalan danışdığını deyib. Hiss edirdim ki, Mövlam Şıxəliyevin mesajında qorxu hissi var". 

Vüsal Ələkbərov baş redaktor barədə "oxu atıb, yayı gizlətdi"...

Hakimdən söz alan Vüsal Ələkbərov bildirib ki, şahid qismində ifadə verən Asif Məmmədovu yaxşı tanıyır: "Ona bir ziyalı kimi həmişə hörmətim olub, burada ifadə verir. Mənim də onun haqqında deyəcək çox sözüm var, amma demirəm. Nə demək istədiyimi Asif müəllimin özü yaxşı bilir".
Asif Məmmədov isə Vüsal Ələkbərovdan onun haqqında bildiklərini söyləməsini istəyib: "Burada şifrəli danışır. Sabah da yazacaqlar ki, Asifin kiminləsə əlaqəsi olub. Nə lazımdır, desin, hər kəs də bilsin. Daha gizli danışmaq nəyə lazımdır".

Hakim də Vüsal Ələkbərovdan açıq danışmasının, şahid haqqında nə bildiyini söyləməsini tələb etsə də, Vüsal Ələkbərov susub və Asif Məmmədov haqqında açıq danışmaqdan imtina edib. 
Bu zaman çıxış edən Hüseyn Səfərov bildirib ki, 2010-cu ildə Elşad Abdullayev tərəfindən videoya çəkilib: "Həmin video internetdə var. O vaxtı bildirmişəm ki, mənim 2 milyon dollarımı Mövlam Şıxəliyev Vüsal Ələkbərovun əli ilə alıb". 

"Elşən həmin pulu həbs edilməməsi üçün MTN-in vəzifəli şəxslərinə verib"

Daha sonra zərərçəkmiş şəxs qismində tanınan iş adamı Elşən Mədətova qanunsuzluqlar edilməsi üzrə şahidlər dindirilib. Tələbə yoldaşı Qaçay Əzizov bildirib ki, 2008-ci ildə Elşən Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsini eşidib: "Bütün bunları mənə Elşənin özü deyib. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən də özümdə olan 45 min manatı, tanışım İlkindən aldığım 20 min manatı da götürərək, ona verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-in vəzifəli şəxslərinə verib".

Daha sonra Elşən Mədətovun sürücüsü Zahid Əliyev ifadə verib. O bildirib ki, 2008-ci ilin axırlarında Elşən Mədətovu bir neçə dəfə MTN-ə aparıb: "Oradan çıxanda hiss edirdim ki, Elşən müəllimin qanı qaradı. Maşında olanda harasa zəng edirdi, nəsə danışırdı. Onun danışıqlarından hiss edirdim ki, MTN-də ondan pul tələb edirlər, tez-tez də MTN-nin Vüsal adlı əməkdaşının adını çəkirdi. Amma mən ondan heç nə soruşmamışam, o da mənə heç nə deməyib".

Zahid Əliyev ifadəsində daha sonra qeyd edib ki, MTN əməkdaşı Vüsal Ələkbərova aparılan pullar onun maşınında olub. Onun sözlərinə görə, Elşən Mədətov bir dəfə pulu MTN-də verib, ikinci dəfə isə Yasamal rayonunda binaların arasında bir nəfərə verib: "Yasamal rayonunda pulun kimə verilməsini gördüm. İstintaq zamanı tanınma ilə bağlı mənə təqdim olunan şəkillərdən həmin şəxsin MTN-in şöbə rəisi olmuş Vüsal Ələkbərov olduğunu təsdiqlədim".

Elşən Mədətov deyib ki, o zaman MTN insanlar arasında xof yaradırdı, bu işləri heç kimin bilməməsi üçün hədə-qorxular gəlirdilər: "Buna görə də mən heç kimə bir söz demirdim. Zahid Əliyev burada həqiqəti danışır".

"MTN-nin rəhbərliyinə müraciət etdim, Vüsal məndən əl çəkdi"

Daha sonra şahid qismində ifadə verən Nəsrəddin Sultanov bildirib ki, Vüsal Ələkbərov ondan da həbs edilməməsi üçün 50 min manat tələb edib. Onun sözlərinə görə, Vüsal Ələkbərova heç bir pul verməyib: "Vüsal Ələkbərov deyib ki, banka qızının və yoldaşının adına qoyduğun pulları haradan alıbsan. Mən MTN-in rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra məndən əl çəkdi". 
Nəsrəddin Sultanov daha sonra ifadəsində qeyd edib ki, Elşən Mədətov onun dayısı oğludur: "Elşənin həbs edilməməsi üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərov 300 min dollar tələb edirdilər. Mən də özümdə olan 30 min manatı Elşənə verdim ki, pulun üstünə qoysun, onlara versin. Biz o vaxtı MTN-i milləti talayan nazirlik kimi adlandırırdıq".  
 
///bizimyol
OXŞAR XƏBƏRLƏR