Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı

Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
SAĞLAMLIQ
13:50 20.08.2025
175
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tələblərinə görə, kosmetologiyada istifadə olunan bütün preparatların gigiyenik sertifikatı olmalıdır. Yalnız bu halda həmin preparatların pasiyentlər üzərində tətbiqinə icazə verilir. Qeyri-rəsmi yollarla ölkəyə gətirilən və sertifikatsız istifadə olunan preparatların tətbiqi isə qadağandır.

Kosmetoloq Çinarə Kərimova AZXEBER.COM-a açıqlamasında bildirib ki, keyfiyyətsiz preparatlar həm standartlara cavab vermir, həm də tez-tez ağır fəsadlara səbəb olur:

"Belə halların qarşısını almaq həm daha çətin, həm də daha baha başa gəlir. Keyfiyyətsiz botoks zamanı şiddətli baş ağrıları, ürəkbulanma, gözlərdə torlanma müşahidə edilə bilər. Bu əlamətlər hətta bir aya qədər davam edə bilər. Bildiyimiz kimi, botoks toksini maddələr mübadiləsi nəticəsində qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən xaric olunur. Lakin keyfiyyətsiz preparatlar bu orqanları daha da yükləyir və onların kimyəvi göstəricilərini artırır”.

Həkim kosmetoloq qeyd edib ki, dolğular da yalnız gigiyenik sertifikat əsasında tətbiq edilməlidir:

"Bəzi dolğular təbii dolğu adı ilə təqdim edilsə də, əslində tərkibində süni qatqılar olur. Sintetik qatqılı dolğular allergik reaksiyalara səbəb ola, vurulduğu yerdən digər toxumalara hərəkət edə bilər. Hətta bəzən sintetik tərkibli dolğu tətbiq olunduqdan 1 il keçsə belə, orqanizmdən tam xaric olmur. Bu isə insan sağlamlığı üçün ciddi təhlükədir”.

Kərimova vətəndaşlara yalnız dövlət tərəfindən təsdiqlənmiş və sertifikatı olan preparatlardan istifadə etməyi tövsiyə edib.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR