Kiber zorakılıq və müasir gənclik medianın gözündə

Kiber zorakılıq və müasir gənclik medianın gözündə
KÖŞƏ
11:37 24.05.2024
170
Virtual maskalar arxasında gizlənən zorakılıq gənclərin ruhunda dərin yaralar yarada bilər...

Rəqəmsal media müasir gənclərin həyatında  sosial münasibətlərin formalaşdığı və şəxsiyyətlərin qurulduğu bir arenadır. Bu arenada yeni kommunikasiya vasitələri və sosial media platformaları gənclərin bir-biri ilə qarşılıqlı münasibətinə dərindən təsir göstərsə də, onlar özləri ilə qaranlıq bir kölgə də gətirdilər: "Kiber zorakılıq"

Kiber zorakılıq rəqəmsal platformalarda fərdin daimi təqib, təhdid və ya alçaldılması kimi müəyyən edilə bilər. Bu fenomen xüsusilə gənclər arasında geniş yayılaraq, onların psixoloji və emosional sağlamlığını təhdid edir. Bir tərəfdən qeyri-məhdud məlumat və əlaqə imkanları, digər tərəfdən isə görünməz təhlükələr və qaranlıq künclər var. Kiber zorakılıq bu rəqəmsal kainatın ən qəddar kölgələrindən biridir. Bu kölgə gənclərin psixoloji və emosional sağlamlığını təhdid edir. Onda belə bir sual ortaya çıxır: Kiber zorakılıq necə baş verir? Gənclərin şəxsiyyət axtarışında olduğu bu dövrdə ictimai qəbul və bəyənilməyə ehtiyac hiss edirlər. Kiber zorakılıq bu ehtiyacları manipulyasiya etməklə gənclərin özünə inamını zədələyə, onları depressiya və narahatlıq kimi ciddi psixoloji problemlərə sürükləyir. Bu müxtəlif formalarda baş verir;
 
Rəqəmsal platformalarda həyata keçirilən təhqir, təhdid, böhtan, təcrid, təqib və bir şəxsin rəqəmsal platformalar vasitəsilə başqa bir şəxsə qəsdən zərər vermək kimi hərəkətlər buna misaldır.  Xüsusilə gənclər arasında rast gəlinən bu problem virtual mühitin anonimliyi və geniş çıxışı sayəsində sürətlə yayılır və dərin yaralar yaradır. Beləliklə kiberbullinqin pəncəsinə düşən gənclər məsum və şən ruhlarını itirməyə başlayır, rəqəmsal dünyada itən bu gənc ruhlar özlərini təcrid olunmuş hiss edir, güvən hissini itirir və öz daxili dünyalarına bağlanırlar. Bu səssiz qışqırıqlar fırtınadan əvvəlki səssizlik kimi dərin və ağrılı olur.  Hər bir gənc öz daxili tufanında itərkən, o, xarici aləmdən qoparaq tənhalığın qaranlığına çəkilir. Bir çox gənclər ailələri və ya müəllimləri ilə bölüşməkdən çəkinirlər ki, bu da problemlərin daha da dərinləşməsinə səbəb olur. Ancaq gənclər bu platformaların gətirdiyi risklərin də öhdəsindən gəlməyi bacarmalıdırlar. 
 
Kiberbullinqlə mübarizə də gənclər rəqəmsal savadlılıq bacarıqlarını artırmalı və sağlam rəqəmsal şəxsiyyətlər yaratmaq üçün media konstruktiv və maarifləndirici məzmun yaratmalıdır. Kiber zorakılığa qarşı mübarizədə media, cəmiyyət və gənclərin birgə işləməsi gələcəyin rəqəmsal dünyasını daha təhlükəsiz yerə çevirəcək. Bu işdə media gənclərə kömək olur və medianın kiber zorakılıqla mübarizə aparması sosial məlumatlılığın artırılmasında və həll yollarının tapılmasında mühüm rol oynayır. Ənənəvi media və rəqəmsal media kiber zorakılığa müxtəlif perspektivlərdən müraciət etməklə geniş auditoriyaya çatır. Xəbər bülletenləri, sənədli filmlər, sosial media kampaniyaları və maarifləndirici videolar məsələnin əhəmiyyətini vurğulayır və ictimai rəyə töhfə verir, həmçinin medianın gənclərə təklif etdiyi nümunələr kiber zorakılığa qarşı mövqe tutaraq müsbət nümunələr göstərə bilər. Məşhur insanların və təsir edənlərin bu mövzuda şüurlu davranması və gəncləri təşviq etməsi kiber zorakılığın təsirlərinin azaldılmasında mühüm amildir.Bundan əlavə, təhsil proqramları və məktəb əsaslı müdaxilələr də kiber zorakılığın azaldılmasında təsirli olur.
 
Bu mövzuda müəllimlərin, valideynlərin və səhiyyə işçilərinin maarifləndirilməsi, gənclərin problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi və həmyaşıdlarının dəstəyini təşviq etmək vacibdir. Gənclər internetin faydaları və təhlükələri haqqında daha çox məlumatlı olmalı və rəqəmsal dünyada qarşılıqlı hörməti qorumağa diqqət etməlidirlər. Gənclərin maarifləndirilməsi, dəstək mexanizmlərinin yaradılması və hüquqi tənzimləmələrin həyata keçirilməsi kiber zorakılığa qarşı mübarizədə təsirli addımlardı. Unutmaq olmaz ki, sağlam rəqəmsal mühit yaratmaq bizim ümumi məsuliyyətimizdir.
 
Sevil Qəmbərli
OXŞAR XƏBƏRLƏR