Şimali Koreya lideri Kim Çen İnin beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb.
"The Sun” nəşri xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o, təcili müalicə üçün Çinə aparılıb.
Şayiələrdə onun Pekindəki "Peking Union Medical College” xəstəxanasında təcili müalicə olunduğu bildirilir. Şimali Koreya lideri sonuncu dəfə oktyabrın 11-də Pxenyanda müdafiə muzeyini ziyarət edərkən görünüb.
Şimali Koreya üzrə analitik Benedikt Rocers nəşrlə söhbətində bildirib ki, Kim Çen İnin səhhəti və ya ölümü ilə bağlı əvvəllər də analoji şayiələr yayılıb. O, rejim tərəfindən tezliklə onun sağ-salamat olduğunu göstərən sübutların təqdim ediləcəyini gözlədiyini deyib:
"Əvvəllər də onun ölümü haqqında xəbərlər gəzirdi. O, sağlam görünmür və həddindən artıq çəkilidir. Keçmiş təcrübələr göstərir ki, ali lider vəfat etdikdə ölkədə kütləvi hüzn və kədər nümayiş etdirilir. Hələlik belə bir şey müşahidə olunmur. Əgər o sağdırsa, tezliklə bunu təsdiqləyən kadrlar yayımlanacaq”.
Ekspertlərin fikrincə, diktator vəfat edəcəyi təqdirdə hakimiyyəti müvəqqəti olaraq onun bacısı Kim Yo-çonq öz üzərinə götürə bilər. Təhlilçilər hesab edirlər ki, bacısı Kimin 13 yaşlı qızı Kim Cu-e kifayət qədər böyüyənədək ölkəni idarə edəcək. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, məhz Cu-e atasının əsas xələfi hesab olunur.
Məlumat üçün bildirək ki, 140 kiloqramdan çox çəkisi olan Kim Çen İnin zərərli vərdişləri və həddindən artıq kökəlməsi onun ürək-damar xəstəlikləri riskini artırır. Onun atası Kim Çen İr və babası Kim İr Sen də analoji səhhət problemlərindən əziyyət çəkiblər.
///qafqazinfo///











































