Şimali Kiprin Girnə şəhəri sahillərində batan "Filo Jet” sərnişin gəmisində ölənlərin sayı 13-ə yüksəlib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, gəmidə olan 267 nəfərdən 239-u xilas edilib, 13 nəfərin meyiti aşkarlanıb. Daha 15 nəfərin taleyi isə hələlik məlum deyil.
Xatırladaq ki, hadisə avqustun 30-da "Filo Jet” gəmisinin Girnə limanından Türkiyənin Taşucu istiqamətində hərəkətindən qısa müddət sonra baş verib. Gəmi su almağa başlayıb və limana qayıtmağa çalışarkən çevrilərək batıb.
Axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Gəminin qalıqları dənizin təxminən 550 metr dərinliyində aşkarlanıb. Türkiyənin TCG "Işın” və TCG "Alemdar” gəmilərinin, həmçinin sualtı robotların cəlb olunduğu əməliyyat zamanı itkin düşən şəxslərin axtarışı aparılır.
Hadisənin səbəbləri ilə bağlı araşdırma da davam edir. Gəminin kapitanı və ekipaj üzvləri də daxil olmaqla bir neçə nəfər saxlanılıb. Səlahiyyətlilər gəminin texniki vəziyyəti, sənədləri və səfərə icazə verilməsi ilə bağlı məsələləri araşdırırlar.
///konkret.az///











































