Kirayə bazarında ayrı-seçkilik – Subay şəxslərə kirayə ev verilmir?

Kirayə bazarında ayrı-seçkilik – Subay şəxslərə kirayə ev verilmir?
SOSİAL
14:13 19.10.2026
137
"Ev sahibləri deyir ki, subay insana ev vermirəm. Bəs subay insan nə etsin, küçədə yaşasın? Bu, necə düşüncədir?”

Bu fikirləri bir qadın sosial şəbəkə hesabında paylaşdığı videoda səsləndirib.

O, subay şəxslərə mənzil kirayə verilməməsinə etiraz edərək, bu yanaşmanın onların yaşayış yeri tapmasını çətinləşdirdiyini bildirib.

Bəs ev sahibləri subay şəxslərə mənzil kirayə verməkdən niyə çəkinirlər?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, əksər hallarda əmlak sahiblərinin bu şəxslərə münasibəti birmənalı olmur:

"Əmlak sahibləri mülkiyyətçi olduqları üçün mənzillərini kimə kirayə verəcəklərini özləri seçirlər. İstər ailəli, istər tək yaşayan qadın, istərsə də tələbə olsun, əmlak sahiblərini bu məsələdə məcbur etmək və ya hər hansı formada qınamaq düzgün deyil. Əksər mənzil sahibləri evlərini daha uzunmüddətli kirayə vermək məqsədilə ailəli şəxslərə, xüsusilə də gənc ailələrə üstünlük verirlər.

Təəssüf ki, istər tək yaşayan qadınlar, istərsə də kişilər mənzil tapmaqda ciddi problemlərlə üzləşirlər. Əksər hallarda əmlak sahiblərinin bu şəxslərə münasibəti birmənalı olmur. Nəticədə tək yaşayan insanlar münasib qiymətə mənzil tapa bilmədikdə daha yüksək, bəzən isə süni şəkildə artırılmış qiymətlərlə təklif olunan evləri kirayələməyə məcbur qalırlar. Bunun əsas səbəblərindən biri mənzil sahiblərinin tək yaşayan şəxslərə evlərini kirayə vermək istəməməsidir”.

Sosioloq Mətanət Məmmədova bildirib ki, ev sahibləri tək yaşayan şəxslərə, xüsusilə də gənc kişilərə mənzil kirayə verməkdə daha çox tərəddüd edirlər:

"Adətən ölkəmizdə, eləcə də bir çox ölkələrdə ev sahibləri kişilərə, xüsusilə də gənc oğlanlara mənzil kirayə verməkdə bir qədər tərəddüd edirlər. Çünki evin saxlanılması və təmizliyinin qorunması baxımından müəyyən narahatlıqları olur. Ancaq bir qadına kirayə ev verilmirsə, bunun səbəbi onun yaşadığı ərazi ilə bağlı ola bilər. Yəni həmin qadının yaşadığı ərazidə tanınması, kirayə haqqını gecikdirməsi və ya bu kimi məsələlərlə bağlı problem yaşaması buna səbəb ola bilər.

Tək yaşayan kişilərə, xüsusilə də Bakıda yaşayan və işləyən gənc oğlanlara, universitet tələbələrinə ev kirayə verilməməsi ilə bağlı çoxsaylı etirazlarla rastlaşmışam. Öz təcrübəmdə də belə halları müşahidə etmişəm.

Bunun səbəblərindən biri də evlərin təmiz saxlanılmaması ilə bağlıdır. Bəzi ev sahibləri düşünürlər ki, kişilər öz evlərində belə təmizliyə və səliqəyə lazımi diqqət yetirmirlər. Hətta bəziləri hesab edirlər ki, həmin kişilərin yanında bir qadının olması və evin qayğısına qalması lazımdır”.

Fəridə Əsədzadə
 

OXŞAR XƏBƏRLƏR