KİV: İsrail və HƏMAS Misirdə razılaşmaya yaxındır

KİV: İsrail və HƏMAS Misirdə razılaşmaya yaxındır
DÜNYA
20:38 08.10.2025
160
İsrail və HƏMAS arasında hazırda Misirdə davam edən danışıqlar müsbət irəliləyişlə davam edir və yaxın bir-iki gün ərzində razılaşma ilə yekunlaşa bilər.

Bu barədə "The Times of Israel" danışıqlardan xəbəri olan fələstinli mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, müzakirələr təxminən 2 min fələstinli məhbusun əvəzində qalan 48 israilli girovun azad edilməsi, həmçinin İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılmasına yönəlib. Danışıqların sonrakı mərhələlərində HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın müharibədən sonrakı idarə olunması ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

"Al Arabiya" telekanalına danışan israilli mənbə tərəflərin planın birinci mərhələsi üzrə razılaşmaya ehtiyatla yaxınlaşdıqlarını bildirib və qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp nəticə əldə etmək üçün danışıq aparanlara təzyiq" edir.

"Sky News Arabia" telekanalının məlumatına görə, Vaşinqtonun prosesə daha çox cəlb olunması ABŞ-nin Qətər və Misirdən yerlərdəki hadisələrlə bağlı müsbət siqnallar alması ilə bağlıdır. Kanalın mənbəsi əlavə edib ki, danışıqların final mərhələyə qədəm qoyduğuna dair aydın əlamətlər var.
 
/report
OXŞAR XƏBƏRLƏR