Yaxın Şərqdəki əsas limanlar bölgədəki münaqişənin kəskinləşməsi fonunda əməliyyatları dayandırmağa başlayıblar.
Bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti "Lloyd's List Intelligence" analitik şirkətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Bəhreyndə bütün limanlar müvəqqəti olaraq bağlanıb. Bundan əlavə, Omanın Ərəbistan dənizi sahilində yerləşən Duqm limanı da əməliyyatları dayandırıb.
Aparıcı qlobal liman operatoru "DP World" da Dubaydakı Cəbəl Əli limanında əməliyyatları dayandırdığını açıqlayıb. Şənbə günü axşam hava hücumundan müdafiə sistemləri işə salındıqdan sonra düşən pilotsuz təyyarənin qalıqları səbəbindən onun lövbər məntəqələrindən birində yanğın baş verib.
Lakin "Lloyd's List Intelligence" Küveyt, Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniyadakı limanların hələ də açıq olduğunu bildirib.