"Bizim üçün önəmli olan sizin istəyiniz, əhval və maraqlarınızdır"
AZXEBER.COM xəbər verir ki, dünən keçirilən tədbirdə çıxış edərək, Tədbir Əməliyyat Komitəsinin ( Eventoc) baş direktoru Elçin Səfərov könüllülərə səslənərək bunları deyib:
"Əziz gənclər və özünü gənc hesab edənlər!"
Tədbir Əməliyyat Komitəsi ( EVENTOC) istənilən şəxsi könüllü kimi qeydiyyata alacaq. Məqsədimiz sizlərlə olan əlaqələrimizi daha da möhkəmləndirmək, dostluq əlaqələri qurmaqdır. Burada hər kəs öz maraqlarına uyğun tədbirlərdə iştirak etmək üçün müraciət edə bilər. Qarşıda ölkəmizdə keçiriləcək tədbirlər çoxdur. Bunlara misal olaraq, gələn il aprel ayında keçiriləcək Formula 1 yarışları, may ayında Futbol üzrə UEFA Avropa Liqasının final oyunu, iyul ayında EYOF ( Avropa Gənclər Olimpiya Festivalı) və s. göstərmək olar.
Siz həmçinin, fərdi yarışlarda, müxtəlif mədəni tədbirlərdə, Milli antidopinq agentliyinin bir sıra tədbirlərində, ağacəkmə, sahibsiz heyvanlara qayğı göstərmək aksiyalarında, gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni istedadlı simaların aşkar edilməsi barədə təlim və layihələrdə, bizimlə birlikdə keçirə biləcəyiniz bayramlarda və şənliklərdə iştirak edə bilərsiniz. Hörmətli oxucular, bu qeydiyyat tanışlıq xarakteri daşıyır, daha sonradan siz istədiyiniz tədbiri özünüz könüllü olaraq seçə, onunla bağlı təlimlərə qoşula bilərsiniz. Bizim üçün önəmli olan sizin istəyiniz, əhval və maraqlarınızdır.
"Eventoc” davamlı olaraq sizinlə tədbirlər keçirmək niyyətindədir. Biz sizə tədbirlərdə iştirakdan başqa, həm də dostluq, yoldaşlıq təklif edirik. Nəzərinizə çatdırmaq istərdik ki, könüllü olaraq qeydiyyatdan keçmək üçün xarici dil biliyi, təhsil və ya yaş kateqoriyası tələb edilmir. Əgər siz cəmiyyətə faydalı olmaq, həyatınızda yenilik etmək, hər hansı problemlə qarşılaşdıqda psixoloji-mənəvi dəstək almaq , özünüzü cəmiyyətə yararlı bir şəxsiyyət kimi hiss etmək, inkişaf etdirmək, özünü ifadə edə bilmək, vaxtını səmərəli keçirmək, yeni dostlar qazanmaqla müxtəlif insanlarla tanış olmaq istəyirsinizsə , biz- Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarını həyata keçirən - Eventoc komandası olaraq sizin yolunuz gözləyirik.
Hər birinizin təklifi, ideyası, iradı, sualı və marağı bizim üçün çox vacibdir. Necə deyərlər, "Ağıl ağıldan üstündür.” Beləliklə, hər bir fiziki şəxs https://eventoc.az/">https://eventoc.az/ saytına daxil olub könüllü olaraq qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçdikdən sonra, sizə maraqlı olan sualları "online chat” bölməsindən ünvanlandıra bilər, "Təkliflər” bölməsindən isə öz ideya, irad və təkliflərinizi bizimlə paylaşa bilərsiniz. Qeydiyyatdan keçməyə tələsin! Peşman olmayacaqsınız. Bütün inkişaf etmiş ölkələrdə könüllük idealogiyası adi hal sayılır. Belə ki, onları hər yerdə görmək, hiss etmək mümkündür.
Aeroportda, yollarda, məktəb və ya uşaq müəssisələrində, festival və bayramlarda, konsertlərdə, dini mərasimlərdə, xeyriyyə tədbirlərində, idman yarışlarında, xəstəxanalarda, qocalar evində, zooparklarda, yaşıl parklarda və s yerlərdə xüsusi geyimdə fəaliyyət göstərən gülərüz könüllüləri görən hər kəs onlara xüsusi maraq, hörmət və diqqətlə yanaşır. Biz də həmin hərəkatı Bakıda, Gəncədə, digər turizm şəhər və rayonlarında görmək və inkişaf etdirmək istəyirik. Bu gün ölkəmizdə kifayət qədər təcrübəli təlim keçmiş gənclər var ki, şəhər infrastrukturunu, idman yarış məkanlarını gözəl tanıyır və ona tapşırılan vəzifəni ugurla həyata keçirir. Asudə vaxtın düzgün təşkilində əvəzolunmaz rolu olan belə tədbirlərdə iştirak vətənə olan sevgi ilə sıx bağlıdır. Orduda qulluq edən əsgərlərimizə xüsusi sevgi və diqqətin təsdiqi, ölkəyə təşrif buyuran turistlərə məlumat yardımı, köməyə ehtiyacı olan insanlara yardım həvəsi, birgə komanda şəklində bir-birinə hörmət prinsipi ilə çalışmaq təcrübəsi – bunlar hamısı könüllülükdə formalaşan hallardır. Elə isə öz həyat tərzinizə biganə qalmayın və aktiv olun, gələcək karyeranızda xüsusi rol oynayacaq bu hərəkata qoşulun və nə istədiyinizi siz deyin.
Sadəcə qeydiyyatdan keçin və bizimlə əlaqə qurun".