1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub.
Könüllülük nədir? - AZXEBER.COM-un bu sualına "Azərbaycan Könüllülər” İctimai Birliyinin prezidenti İmaməddin Quliyev cavab verir.
Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir.
Könüllülüyün məqsədi tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır.
Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür. Bu, həmçinin mümkün məşğulluq və digər başqa səbəblərə görə nəzərdə tutulan əlaqə vasitəsidir.
Ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Bu gün Azərbaycanda könüllülər daha çox ölkəmizdə fəaliyyət göstərən QHT lər, xüsusən də gənclər təşkilatları ətrafında birləşiblər. Eyni zamanda xususilə qeyd etmək lazımdır ki, MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilmişdir. Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9- cu bəndində “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunmuşdur.
“Azərbaycan Könüllülər” İctimai Birliyi olaraq Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdayıq. Üzvlərimiz ölkədə və ölkədən kənarda keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər.
Azərbaycan gəncləri könüllü olaraq həm yerli, həm də beynəlxalq tədbirlərdə aktivliyi və marağı günü- gündən artmaqdadır. Bildiyiniz kimi bu il ölkəmizdə keçirilən “Eurovision Mahnı Müsabiqəsi”, “Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı” və “FİFA U-17 Qadınlararası Dünya çempionatı” keçirilmişdir və bu böyük beynəlxalq tədbirlərin təşkilində təşkilatımızın fəalları aktiv olaraq iştirak ediblər.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının Avropa Komissiyasının 2007 – 2013 - cü illəri əhatə edən “Gənclər fəaliyyətdə” proqramı fəaliyyət göstərir və bu proqramın ikinci “Avropa Könüllülük Xidməti” adlanan maddəsində könüllülərin fəaliyyəti olduqca böyükdür. Bu proqram vasitəsilə həm ölkəmizdən, həm də Avropa ölkələrindən müxtəlif layihələrə könüllülər cəlb olunur.
Könüllü fəaliyyətin inkişaf etdirilməsi ilə bağlı olaraq təşkilatımız tərəfindən könüllülüklə bağlı layihələr hazırlanır və təlimlər keçirilir. Bu yaxınlarda “Azərbaycan Könüllülər” İctimai Birliyinin yeni rəsmi web səhifəsini www.avpu.az istifadəyə verdik. Bu saytın “könüllü ol” bölməsindəki elektron ərizə formasını doldurmaqla gənclər könüllü olmaq üçün müraciət edirlər. İndiyənə kimi 100 dən çox gənc müraciət etmişdir. Biz onların müraciətlərinə baxdıqdan sonra könüllülüklə bağlı təlimlərə cəlb edirik.
Sonda istərdik ki, gənclərimizin sosial təcrübənin qazanılmasında könüllü fəaliyyətə xüsusi diqqət yetirsinlər və gələcəkdə ölkənin inkişafına öz töhfəsini verməklə yanaşı istedadlı gənclər formalaşsın.