“Ölkədə fəaliyyət göstərən kolbasa sexləri ciddi nəzarətə götürülüb”. Bunu “Virtualaz.org” saytına açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib. Şöbə müdiri bildirib ki, sexlər yalnız baytar nəzarətindən keçmiş ətlərdən istifadə edə bilərlər: “Bölgələrdə iribuynuzlu heyvanlar arasında yayılan virusun insana keçmədiyi bildirilsə də nəzarət tədbirləri həyata keçiriləcək. Üstəlik, yalnız kolbasa sexləri deyil, eləcə də mal ətindən istifadə edən digər istehsal müəssisələrində nəzarət tədbirləri aparılacaq”. Qeyd edək ki, indiyədək 35 rayonda 176 000 heyvan təhlükəli virusa yoluxub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin son hesabatına görə, bunyavirusun nəticəsində 59 baş heyvanda balasalma müşahidə olunub. Nazirlik mütəxəssisləri ölən heyvanların ətindən istifadə edilməməsini və 3 günə sağalan heyvanların kəsilməməsini məsləhət bilib. Səbəb isə virusa yoluxan heyvanların gec sağalmasıdır.