Kolumbiyada əməliyyat keçirən əsgərlərə silahlı hücum olunub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, təhlükəsizlik qüvvələri Narino inzibati rayonunun Cumbitara şəhərinin kənd ərazisində qanunsuz silahlı birləşmələrə qarşı əməliyyat keçirib.
Açıqlamada qarşıdurmada 4 əsgərin öldüyü, bölgəyə əlavə qüvvələrin göndərildiyi və əməliyyatın davam etdiyi bildirilib.
Hücumu tərksilah etməyən keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) çətir təşkilatı Estado Mayor Central (EMC) həyata keçirib.
İvan Mordizko kimi tanınan Nestor Qreqorio Veranın idarə etdiyi və heç vaxt sülh razılaşmasına qatılmayan EMC həm də FARC-ın sözdə "Baş Qərargahı” kimi tanınır.
Ölkə mətbuatının məlumatına görə, 2180-i silahlı olmaqla 3500-dən çox üzvü olan EMC Venesuela və Ekvadorda, eləcə də Kolumbiyanın qərbində, ortasında və şərqində fəaliyyət göstərir və narkotik, qaçaqmalçılıq və qəsb yolu ilə maliyyələşməni təmin edir.
FARC ilə 50 ildən çox davam edən münaqişəyə son qoyan sülh sazişi Kolumbiya prezidenti Xuan Manuel Santos və FARC lideri Rodriqo Londono tərəfindən 2016-cı il noyabrın 24-də paytaxt Boqotadakı tarixi Kolon Teatrında imzalanıb.
Dövlət və FARC arasında sülh razılaşmasına baxmayaraq təşkilatla ziddiyyət təşkil edən bəzi keçmiş komandirlər və FARC üzvləri silahlı aksiyalarını davam etdirirlər.
Mikayıl