Komitə sədri: “Dini abidələrin bərpası milli yaddaşımızın yenidən canlandırılmasıdır”

Komitə sədri: “Dini abidələrin bərpası milli yaddaşımızın yenidən canlandırılmasıdır”
SOSİAL
10:47 17.09.2026
101
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən mətbuat konfransı çıxış edib.

AZXEBER.COM sədrin çıxışını təqdim edir:

Mən çıxışımı ümummilli lider Heydər Əliyevin dini irsimizin qorunması ilə bağlı bir fikri ilə başlamaq istəyirəm:

"Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaq”.

Bu fikir yalnız ifadə olunduğu dövr üçün müəyyən edilmiş bir vəzifəni deyil, eyni zamanda tarixi və dini irsimizə münasibətin mühüm fəlsəfəsini ifadə edir. Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir.

Çünki hər bir məscid, ziyarətgah, türbə və ya istənilən tarixi-dini abidə yalnız daşdan və memarlıq elementlərindən ibarət deyil. Xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcısıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir.

Azərbaycanda tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər ölkənin bütün coğrafiyasını əhatə edir. Dövlət başçımızın sərəncamları ilə ötən il Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas və Qəzən? məscidlərinin təmir-bərpa işləri üçün vəsait ayrılıb.

Artıq Pir Həsən ziyarətgahında izlədiyimiz kimi, işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekunlaşmaq üzrədir. Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılır.

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri tarixi və dini abidələrin bərpasıdır.

Burada məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır.

Bu istiqamətdə dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsində Heydər Əliyev Fondunun layihələri xüsusi əhəmiyyət daşıyır. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və dini abidələrin bərpasına həsr edilmiş çoxsaylı layihələr həyata keçirilir.

Şahanə
OXŞAR XƏBƏRLƏR