Ermənistan ictimaiyyəti və hakimiyyəti sülhə hazır deyil.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O qeyd edib ki, Ermənistanın bu yanaşmasına baxmayaraq, gec-tez sülh əldə olunmalıdır:
"Bizim əsas hədəfimiz məhz erməni ictimaiyyəti olmalıdır. Onlara izah etməliyik ki, Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Biz sadəcə, Qərbi Azərbaycana, tarixi torpaqlarımıza qayıtmaq, qəbirlərimizi ziyarət etmək, lazımdırsa, orada yaşamaq istəyirik”.
M.Quliyev vurğulayıb ki, bu mövzunu beynəlxalq miqyasda qaldırmaq, xarici dillərdə olan elektron KİV-lərə daha çox maliyyə ayırmaq lazımdır:
"Hazırda toylarda "İrəvanda xal qalmadı” mahnısı oxudulursa, bu bizim üçün maraqlıdır. Bəs biz xarici auditoriyaya nə təqdim etməliyik? Bu baxımdan, xarici dilli elektron KİV-lərə daha çox maliyyə dəstəyi verilməlidir.
Eyni zamanda, kitabların yazılması məsələsi vacibdir. Sözlər danışılır kitablar qalır. Amma son vaxtlar yazılan kitablar bir-birini təkrar edir”.
report