Xəbər verdiyimiz kimi, Azərbaycan İranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarmağa başlayıb. Qərara əsasən, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunda çalışan diplomatik heyətin evakuasiyası həyata keçirilir. Hazırda proseslə bağlı müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, İranın Naxçıvanı vurması molla rejiminin nankorluğunun göstəricisidir:
"İranın Naxçıvanı vurması molla rejiminin riyakarlığının və nankorluğunun göstəricisidir. Bu addım beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət isə daim qonşuluq prinsiplərinə sadiq qalıb. Azərbaycanın ərazisindən heç bir ölkəyə qarşı təhlükə yaranmayıb. Azərbaycan heç vaxt ikili və riyakar siyasət yürütməyib. Dövlətimizin əsas prinsipi ərazi bütövlüyünün və suverenliyinin qorunması, həmçinin vətəndaşlarımızın rifahının təmin olunmasıdır. Naxçıvan ərazisində mülki obyektlərin hədəf alınması isə açıq şəkildə terror aktıdır”.
Parlamentari qeyd edib ki, Naxçıvan ərazisinin vurulması təsadüfi deyil:
"Naxçıvanın hədəf seçilməsi onun coğrafi mövqeyi ilə bağlıdır. Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşən bölgədir və üç ölkə -Azərbaycan, Türkiyə və İran ilə həmsərhəddir. Buna görə də Naxçıvan regionun ən həssas nöqtələrindən biri hesab olunur. Naxçıvan Azərbaycan və Türkiyə arasında quru sərhəd vasitəsilə Bakı-Ankara strateji xəttinin mühüm hissəsidir. Eyni zamanda, Naxçıvan mühüm logistik infrastruktura malikdir. Buradakı hava limanı regiona həm hərbi, həm də humanitar yüklərin çatdırılması baxımından əhəmiyyətli imkanlar yaradır”.
Səfirliyin geri çağrılması Azərbaycanın İrandakı diplomatik fəaliyyətini tam dayandırması demək deyil:
"Diplomatik nümayəndəliklərin təhlükəsizliyi hər bir dövlət üçün son dərəcə mühüm və prioritet məsələdir. Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun evakuasiyası ilə bağlı hazırlıq tapşırıqlarının verilməsi də məhz bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsinin nəzərə alınması ilə bağlıdır. Belə qərarlar adətən operativ risk qiymətləndirilməsi əsasında qəbul edilir. Müharibənin davam etməsi ciddi problemlər yarada bilər. Bu addımın əsas məqsədi diplomatik heyətin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsidir. Lakin bu, Azərbaycanın İrandakı diplomatik fəaliyyətini tam dayandırması demək deyil. Sadəcə, mövcud şəraitdə ölkəmiz təhlükəsizlik məsələlərinə üstünlük verir. Regionda vəziyyət sabitləşdikdən və İran-Azərbaycan münasibətləri çərçivəsində müvafiq danışıqlar aparıldıqdan sonra diplomatik nümayəndəliklərin fəaliyyəti yenidən bərpa oluna bilər”.
Şahanə Ziyad










































