Tailandda baş verən daşqınlar nəticəsində kompüterlərin qiymətlərinin artacağı gözlənilir. AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “Acer”, “Samsung”, “Western Digital” və “Seagate” şirkətlərinin daşqınların onların istehsal zavodlarına ziyan vurması barədə etdikləri xəbərdarlığın ardınca baş tuta bilər. Qeyd edək ki, Tailand son yarım əsrin ən güclü daşqınları ilə üzləşib. Ölkənin əksər regionlarını su basıb, paytaxt Banqkokda sakinlərin təcili təxliyəsi aparılır. Ən çox ziyan sərt disklər istehsalçılarına dəyib. Tailandda bu qurğuların dörddə biri buraxılır. Daşqınlar başlayandan bu məhsulların qiymətləri ilkin bazarda artıq 20 faiz artıb. Oktyabrın 29-da dünyanın ən iri sərt disklər istehsalçısı “Western Digital” şirkəti Tailanddakı bütün zavodlarının bağlanması barədə məlumat yayıb. Ekspertlər bildirirlər ki, dünyanın kompüter sahəsi Tailandda baş verən problemlərə təxminən 2-3 ay sonra reaksiya verəcək. İndi bazar atıcıları hələ ki, avqust-sentyabr aylarında aldıqları malları satırlar. “iSuppli” analitik şirkətinin hesablamalarına əsasən, kompüter sahəsi üçün hazırkı daşqınların nəticələri təxminən 2012-ci ilin dördüncü rübünədək hiss ediləcək.