Bütün dünyanı cənginə alan koronavirus pandemiyası ölkə xaricində çıxış edən qadınlardan ibarət milli komandamızın üzvlərinə problem yaradıb.
Bu haqda yığmamızın üzvü Roza Quliyeva məlumat verib: "Yeni klubumla müqavilə imzalamaq üçün ölkə xaricinə yollanmalı idim. Təəssüf ki, pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğu üçün Azərbaycanda qalası oldum”.
22 yaşlı yarımmüdafiəçi bildirib ki, klubların düşərgəsinə yollana bilməyən milli üzvlərinə AFFA tərəfindən maddi dəstək göstərilib: "Hazırda Bakıdayam və burada olduğum müddətdə AFFA öz yardımını əsirgəməyib. Buna görə AFFA rəhbərliyinə, eləcə də milli komandanın məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Hər zaman bizə dəstək olurlar, həmişə qadın futboluna diqqət və qayğı göstərirlər”.
Qeyd edək ki, Roza Quliyeva son olaraq Gürcüstanda - "Nike FK”da legioner həyatı yaşayıb.
Məlumat üçün bildirək ki, FİFA və UEFA tərəfindən milli assosiasiyalara qadın futbolu ilə bağlı maliyyə yardımı ayrılıb. AFFA da məhz həmin vəsaitdən pandemiya səbəbindən çətinliklə üzləşən yığma üzvlərinə yardım göstərib.