Aprelin 13-də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 1 983 vergi ödəyicisinə 3 mln. 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2 560 fərdi (mikro) sahibkara isə 2 mln. 948 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.
AZXEBER.COM xəbər verir ki, bundan əvvəl, 9 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bugünkü tarixə 5 752 vergi ödəyicisinə ümumilikdə 8 mln. 939 min manat həcmində maliyyə dəstəyinin göstərilməsi təmin edilib.
Koronavirus (COVİD-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.