Günümüzdə qadınların sevərək istifadə etdiyi kosmetik məhsulların verdiyi gözəlliklə yanaşı təhlükəli tərəfləri də az deyil.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, dermatologiya mütəxəssisi Nazan Taşlıdere hər hansısa bir kosmetik vasitə alarkən diqqət edilməli olan məqamları açıqlayıb.
Onun sözlərinə görə, tamamilə təqib etmək mümkün olmasa da, dərinizə tətbiq etdiyiniz kosmetik məhsullar qanla bədənə keçir və zamanla xərçəngə səbəb ola bilər. Bu səbəbdən şüurlu seçimlər edin, xüsusilə saxta və kimyəvi tərkibli məhsullardan uzaq durun.
Baxımlı və hamar bir dəriyə sahib olmaq üçün və ya gözəllik üçün istifadə edilən kosmetikadakı kimyəvi maddələr çox vaxt diqqətdən kənarda qalır. Bununla belə, tərkibində sıx kimyəvi maddələr olan məhsullar sağlamlığa ciddi ziyan vura bilər.
Dermatoloqun sözlərinə görə, kosmetik məhsullar etibarlı yerlərdən alınmalıdır. Çünki piştaxtanın altında istehsal olunan saxta məhsullar ciddi problemlər yarada bilər. Məhsulun tərkibi yoxlanılmalı və tərkibində sıx kimyəvi maddələr olanlara üstünlük verilməməlidir. Təbii ki, yararlılıq müddəti, orijinal olub-olmaması, qablaşdırmanın bütövlüyü də yoxlanılmalıdır. Tez-tez istifadə olunan kosmetika vasitələrimizdən olan şampunların tərkibində yuyucu vasitələr, su, ətirlər və konservantlar da var. Xüsusilə saxta şampunlar ciddi təhlükələr daşıyır, çünki onlar təkcə saç və baş dərisi ilə deyil, həm də gözlərlə təmasda olurlar. Göz infeksiyalarına, allergiyaya və bəzən hətta korluğa səbəb ola bilər. Bəzi şampunlar da baş dərisində ekzema, qızartı və saç tökülməsinə səbəb ola bilər.
Həkim vurğulayıb ki, insanların müvəqqəti gözəl görünmələri üçün bu məhsullara o qədər kimyəvi qatqılar qarışdırılır ki, bunlar orqanizmə zərərsiz ötüşə bilməz.
Kosmetik məhsullar alarkən və istifadə edərkən nəzərə alınmalı olan məqamlar aşağıdakılardır:
– Kosmetik məhsul alarkən onun tərkibinə, orijinal məhsul olub-olmamasına, son istifadə tarixinə, dəri tipinizə uyğun olub-olmamasına diqqət yetirmək lazımdır. Əvvəlcədən müəyyən edilmiş allergiyanız varsa, mütləq təbbi maddələr seçin.
– Açıq yerdə satılan, örtüyü bütöv olmayan, hansı şəraitdə altında olduğu bilinməyən məhsulları almayın.
– Məhsulu tətbiq edəcəyiniz yerdə infeksiya varsa, ondan istifadə etməyin.
– İstifadə etdiyiniz məhsulun qapağını möhkəm bağlayın və hava ilə təmasının qarşısını alın.
– Məhsulu istifadə etməyə başladığınız zaman, allergiyaya səbəb olub-olmadığını və 48 saatdan sonra heç bir reaksiyanın baş vermədiyini yoxlamaq üçün əvvəlcə onu günəşə məruz qalmayan kiçik bir yerə, məsələn, qolun içərisinə çəkə bilərsiniz. Hər hansı bir reaksiya hiss etdiyiniz zaman məhsuldan istifadəni dayandırın.
Ayşən Mirzəyeva