Krediti ödəməyən yaxınına görə narahat edilənlər – “Bu, qanunla qadağandır”

Krediti ödəməyən yaxınına görə narahat edilənlər – “Bu, qanunla qadağandır”
SOSİAL
15:35 20.08.2026
251
Sosial şəbəkədə vətəndaşlardan biri qardaşının kredit borcuna görə müxtəlif nömrələrdən davamlı olaraq zənglər aldığını və dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, narahatlığın davam etdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, vətəndaşın sözlərinə görə, qardaşı kredit götürərkən onun telefon nömrəsini əlaqə vasitəsi kimi təqdim edib. Hazırda isə kredit ödənişlərinin gecikdirilməsi ilə bağlı zənglər birbaşa ona edilir.

Vətəndaş qardaşının borcuna görə heç bir məsuliyyət daşımadığını və dəfələrlə zəng edən şəxslərdən onunla əlaqə saxlamamalarını istədiyini bildirib:

"Mən hazırda işləmirəm və ailə qurmuşam. Qardaşımın kredit borcuna görə davamlı olaraq müxtəlif nömrələrdən mənə zəng edilməsi və narahat olunmağım düzgün deyil. Zəng edən şəxslərə dəfələrlə xəbərdarlıq etmişəm ki, mənimlə əlaqə saxlamasınlar. Qardaşıma da bu barədə demişəm və o da onlardan mənim nömrəmə zəng etməməyi istəyib. Buna baxmayaraq, zənglər davam edir. Mən qardaşımın borcuna görə heç bir məsuliyyət daşımıram və onun kredit öhdəliyinin mənə aidiyyəti yoxdur. Bu vəziyyətlə bağlı hara və necə şikayət edə biləcəyimi öyrənmək istəyirəm”.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, kredit təşkilatının borclunun yaxınını davamlı şəkildə narahat etməsi düzgün yanaşma deyil:

"Bu, qətiyyən doğru yanaşma deyil. Bununla bağlı kifayət qədər məhkəmə qərarları var. Məhkəmə bankın bu şəkildə davranışını bank sirrinin pozulması kimi tanıyıb. Vətəndaşlar bununla bağlı banka pretenziya məktubu göndərməlidirlər. Bildirməlidirlər ki, bu davranış şəxsi həyatın toxunulmazlığı hüququnu pozur və eyni zamanda bank sirrinin pozulmasıdır”.
 
 

Hüquqşünas qeyd edib ki, zənglər davam etdiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər:

"Nəticə etibarilə vətəndaş bununla bağlı məhkəməyə müraciət edərək bankın bu davranışının qanunsuz hesab olunmasını və ona vurulmuş zərərin – istər maddi, istərsə də mənəvi zərərin – ödənilməsini tələb edə bilər”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR