Kreditlərlə bağlı mühüm YENİLİK – Bundan SONRA...

Kreditlərlə bağlı mühüm YENİLİK – Bundan SONRA...
SOSİAL
10:26 14.03.2026
307
Azərbaycanda bank müştərilərinə qarşı fırıldaqçılıq hallarına qarşı mübarizə genişləndirilir.

AZXEBER.COM xəbər verir ki, bu proses həm tənzimləyici - Mərkəzi Bank tərəfindən, həm də bankların özləri tərəfindən həyata keçirilir.

Belə ki, Mərkəzi Bank bank xidmətlərindən yararlanan vətəndaşları fırıldaqçılıqdan qorumaq üçün bir sıra addımlar planlaşdırır. Onlardan biri könüllü kredit qadağası mexanizminin tətbiqidir.

Mərkəzi Bankın sədrinin müavini Toğrul Əliyevin dediyinə görə, artıq mexanizm üzərində işlər yekunlaşır:

"Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə edəcəklər”.

O bildirib ki, bu addım fırıldaqçılıq hallarının və risklərinin əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək:

"Eyni zamanda, Mərkəzi Bank maliyyə bazarlarında bazar davranışlarının hüquqi tənzimlənməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq xarici ekspertlərin cəlb edilməsi ilə maliyyə institutlarının bazar davranışlarına dair metodoloji rəhbərlik layihəsi hazırlanıb. Bu sənəd maliyyə sektorunda təkcə banklar üçün deyil, ümumilikdə maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarının təmin edilməsinə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir.

Bundan əlavə, Mərkəzi Bank tərəfindən qəbul edilmiş riskəsaslı nəzarət siyasətinə uyğun olaraq, bazar davranışları istiqaməti üzrə də riskəsaslı nəzarət mexanizmi üzərində iş aparılır. Bu çərçivə imkan verəcək ki, müştərilər və istehlakçılar üçün daha çox risk yaradan məhsullar, xidmətlər və ya maliyyə institutları üzrə daha intensiv nəzarət tədbirləri həyata keçirilsin”.

AMB rəsmisinin dediyinə görə, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır:

"Bu sistem, banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaq. Mərkəzi Bank maliyyə institutlarının bazar davranışlarının hüquqi tənzimlənməsinin inkişaf etdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə qabaqcıl təcrübəyə uyğun olaraq, beynəlxalq ekspertlər cəlb olunmaqla "Maliyyə institutlarının bazar davranışlarına dair Metodoloji Rəhbərlik” layihəsi hazırlanıb. Bu sənəd maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarını təmin etməyə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir. Bununla yanaşı, nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazar davranışlarına risk əsaslı nəzarət modelinin tətbiqi planlaşdırılır ki, bu da istehlakçılar üçün daha yüksək risk yaradan məhsul, xidmət və institutlara daha intensiv nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir.Bütün bunlar, maliyyə istehlakçılarının hüquqlarının daha etibarlı şəkildə qorunması üçün şərait yaradacaq”. 

Qeyd edək ki, bank xidmətləri adı ilə vətəndaşın xəbəri olmadan onun adına kredit rəsmiləşdirilməsi və ya mövcud kredit limitlərinin artırılaraq vəsaitlərin mənimsənilməsi kimi hallar sürətlə artır. Bütün dünyada problem olan bu məsələyə qarşı ən effektiv mübarizə metodlarından biri vətəndaşın öz adına kredit rəsmiləşdirilməsi prosesinə məhdudiyyət qoymaq imkanının yaradılmasıdır. Belə könüllü kredit qadağası mexanizmi bir sıra ölkələrdə – Rusiya, Sinqapur, Finlandiya, Avstraliya və sairdə tətbiq olunur.


Açıqlanana məlumatlara əsasən tətbiq olunacağı təqdirdə bu mexanizm istehlakçılara əvvəlcədən vahid platforma üzərindən, yəni Kredit Bürosu vasitəsilə müraciət etməklə öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoymaq imkanı verəcək. Bu halda vətəndaşın hesabı kənar şəxslər tərəfindən ələ keçirilsə belə heç bir maliyyə institutu, kredit təşkilatı və ya bank onun adına məsafədən kredit təsdiqləyə və ya kredit limitini artıra bilməyəcək.

Vətəndaş öz adına kredit rəsmiləşdirilməsini tamamən, yaxud qismən qadağan edə biləcək. Yəni, kimsə istəsə, kreditin yalnız özünün banka getməsi şərtilə rəsmiləşdirilməsi mexanizmini seçə biləcək. Bu mexanizm işləməyə başladıqdan sonra hər hansı vətəndaşın adından onlayn formada kredit üçün müraciət olduqda bank və BOKT-lar sistemdə həmin vətəndaşın özünə kredit qadağası qoyduğunu görəcək və kredit müraciətinə baxmaqdan imtina edəcəklər.

Mərkəzi Bankın statistikasına əsasən 2025-ci ilin son 3 ayında Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 783 min 31 manat həcmində 3 386 fırıldaqçılıq halı qeydə alınıb. Bu isə o deməkdir ki, əvvəlki 3 ayla müqayisədə ölkə daxilində fırıldaqçılıq hallarının məbləği 50,45 faiz, sayı isə 51,63 faiz artıb. Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının sayı 29,7 faiz azalaraq 5 439-a düşsə də, fırıldaqçılığın qurbanı olan vəsaitlərin məbləği 20,01 faiz artaraq 370 min 444 manat təşkil edib.

Ötən ilin son rübündə ölkədaxili fırıldaqçılıq hallarının 21,9 faizi hesabların ələ keçirilməsi ilə bağlı olub ki, bu da 3-cü rüblə müqayisədə 17,5 faiz bəndi azalma deməkdir. Qalan 78,1 faiz isə digər üsulların payına düşüb və bu istiqamətdə 17,5 faiz bəndi artım qeydə alınıb. Ölkəxarici fırıldaqçılıq hallarının isə 90,3 faizi kartın fiziki iştirakı olmadan həyata keçirilib. Bu göstərici III rübə nisbətdə 17,3 faiz bəndi artıb. Digər üsulların payı 9,7 faiz olub və 17,3 faiz bəndi azalıb.

Ötən ilin oktyabr-dekabr aylarında həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili halların 98,1 faizi (0,8 faiz bəndi artım), ölkəxarici halların 96,3 faizi (9,7 faiz bəndi artım) məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb. Digər üsulların payında isə müvafiq olaraq 0,8 faiz bəndi (ölkədaxili) və 9,7 faiz bəndi (ölkəxarici) azalma müşahidə edilib.

Bu şəraitdə AMB ilə bərabər bankların özlərinin də fəallaşmasına ehtiyac var. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin APA-ya dediyinə görə, bank və ödəniş sistemlərində dələduzluq halları ilə mübarizə məqsədilə vahid "qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılması planlaşdırılır. ABA tərəfindən Mərkəzi Bank, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində dələduzluqla bağlı vətəndaş müraciətlərinin operativ şəkildə banklara ötürülməsi təmin edilib, şübhəli əməliyyatların isə dərhal dayandırılması mexanizmi tətbiq olunub.

Z. Nuriyev qeyd edib ki, bu yanaşma sektor üzrə risklərin erkən mərhələdə qarşısının alınmasına və zərərin minimuma endirilməsinə imkan yaradır. ABA rəhbərinin sözlərinə görə, layihənin növbəti mərhələdə bütün ödəniş təşkilatlarını əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda, dələduzluq halları üzrə vahid "qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılması planlaşdırılır. O bildirib ki, bu mexanizmlər sektor daxilində məlumat mübadiləsinin daha sistemli və effektiv təşkilinə xidmət edəcək.

Z. Nuriyev əlavə edib ki, tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası və təhlükəsizlik tədbirləri nəticəsində bank hesablarının kənar şəxslər tərəfindən birbaşa ələ keçirilməsi halları əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, müşahidə olunur ki, fırıldaqçılar fəaliyyətlərini daha çox sosial mühəndislik üsulları üzərinə yönəldib.

Assosiasiya rəhbərinin sözlərinə görə, mövcud çağırışlar nəzərə alınaraq, 2026-cı il üzrə əhalinin maliyyə təhlükəsizliyi və rəqəmsal savadlılığının artırılmasına dair Yol Xəritəsi hazırlanaraq üzv banklara təqdim edilib. Bu sənəd preventiv tədbirlərin və ictimai məlumatlandırma mexanizmlərinin daha da gücləndirilməsini nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, banklar və AMB-nin fırıldaçılığa qarşı mübarizə tədbirlərinin uğurlu olub-olmamasında vətəndaşların aktivliyi həlledici əhəmiyyət kəsb edir. Yaradılacaq mexanizmlər nə qədər təkmil olsa belə, vətəndaş ondan istifadə etməsə, real müsbət nəticə əldə olunmayacaq. Məhz vətəndaş maraqlı və mexanizmdən məlumatlı olmalıdır ki, öz kart və hesablarını fırıldaqçılardan qoruya bilsin. Vətəndaşın məlumatlı olması üçün həm tənzimləyici, həm də banklar tərəfindən maarifləndirici təbliğatın aparılmasına ehtiyac var. Bu proses mobil tətbiqlər üzərindən məcburi məlumatlandırma mexanizmi vasitəsilə də həyata keçirilə bilər. Əsas odur ki, banklar da prosesdə maraqlı olsun...
 
Müsavat.com

OXŞAR XƏBƏRLƏR