Həyat təzadlı hadisələrlə doludur. Məsələn, kimi illərlə övlad üzünə həsrət qalır, min bir nəzir-niyaz paylayır ki, ona ana və ya ata deyən olsun. Kimi də dünyaya gələn sağlam körpəsini bir bazar çantasının ümidinə qoyur. Bəli, nə qədər qəribə səslənsə də, bu, həqiqətdir.Eşitdiyiniz hadisə Bərdə rayonunda baş verib. Bazar çantasında tərk edilən körpə dünyaya gözünü cəmi 6 gündür ki, açmasına baxmayaraq, həyatın amansız üzüylə qarşılaşıb. Doğum evlərində yeni dünyaya gələn körpələrin bələyinə və qoluna adətən anasının adı yazılır. Bərdə rayon mərkəzi xəstəxanasının doğum evindəki bu körpənin bələyinin üzərində isə “tapılmış uşaq” sözləri yazılıb.Çünki o, bu gün günorta saatlarında Bərdə MRX-nın mühafizə xidmətinin əməkdaşları tərəfindən xəstəxananın qəbul şöbəsində pilləkənin altından tapılıb. Dərhal bu barədə polisə məlumat verilib.Müstəntiq Əfqan Məmmədov qeyd edib ki, pilləkənlərin altında bazar zənbilinin içərisində oğlan uşağı xəstəxanaya təhvil verilib: “Hadisə yerinə gələn polislər araşdırma aparadıqdan sonra körpəni Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum evinə təhvil veriblər. Körpəni müayinə edən həkimlər onun tam sağlam olduğunu bildirir”.Bərdə Doğum Evinin baş həkimi Rəhilə Məhərrəmova bildirib ki, uşaq tam sağlamdır: “Boyu 51 sm, çəkisi 3,1 kq, 6 günlük uşaqdır. Göbək ciyəsi düşməyib”.Hələlik, körpə Bərdə rayon Mərkəzi Xəstəxanasının himayəsindədir. Müvafiq sənədləşmələr tamamlandıqdan sonra isə uşaq aidiyyatı qurumlara təhvil veriləcək. 13 uşaq bezi və 1 şüşə südlə 6 günlük körpəni bazar çantasında ölümə tərk edən şəxs və ya şəxslər isə polis tərəfindən müəyyən edildiyi təqdirdə, araşdırmanın nəticəsindən asılı olaraq, cinayət məsuliyyətinə cəlb edilə bilərlər.