Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
İyul ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilmişdir.
Sərhəd zastavası dərhal "Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır.
Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır.
Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atmış və geriyə qaçmağa nail olmuşdur.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 18 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.