“Laçın” sərhəd-buraxılış məntəqəsi sülh və təhlükəsizliyə xidmət edir

“Laçın” sərhəd-buraxılış məntəqəsi sülh və təhlükəsizliyə xidmət edir
SOSİAL
11:10 28.08.2023
484
Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
Tarixi zəfərdən sonrakı post-müharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük qayıdış konsepsiyası qəbul edilərək, bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur, kommunikasiya xətləri çəkilir. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün nə gərəklidirsə edilir.
Xalqımız qalib xalq olaraq bu yeni və əlamətdar tarixi dövrü böyük qürur hissi ilə yaşayır, qurub-yaradır.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən "Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Azərbaycan-Ermənistan sərhədində "Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr dezinformasiya yaymaqla məşğuldurlar. Guya biz Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirir və Qarabağ bölgəsində humanitar böhran yaradırıq. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.

Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. 
Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. "Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır. 

Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təminatında mühüm rol oynayan məntəqə həmçinin Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, eyni zamanda   ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır.

Məntəqənin daha bir müsbət fəaliyyəti 30 il əvvəl azərbaycanlılara qarşı qanlı faciələrin törədilməsində iştirak edən cinayətkarların saxlanılaraq ədalət məhkəməsinə təhvil verilməsi olmuşdur. Xalqımıza qarşı cinayətlərdə iştirak edən, soyqırım hadisələrinin təşkilatçıları, birbaşa iştirakçıları, onların siyasi ideoloqları öz cəzasıqlıqlarında arxayın idilər, özlərini qəhrəman kimi aparırdılar. Beynəlxalq təşkilarların susqunluğu və onlara havadarlıq etməsi bu arxayınçılığı daha da artırırdı.
 
Lakin "Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması bu məsələdə də müsbət nəticələr əldə edilməsinə şərait yaratdı. Belə ki, 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində erməni quldurlarının 25 nəfər azərbaycanlının öldürülməsinə, xeyli insanın yaralanmasına və azərbaycanlıların deportasiya olunmasına səbəb olan  soyqırım hadisəsinin bilavasitə iştirakçısı olmuş Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Bu da onu bir daha göstərir ki, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaqdır. 
Bu gün artıq Ermənistanla sərhəddə, Həkəri körpüsündə qurulan sərhəd-keçid məntəqəsində pasport yoxlanışı həyata keçirilir. Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsi də Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsində fəaliyyətə başlamışdır. Bir sözlə, ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır.

Naftalan şəhər sakini Səbuhi Qasımov

OXŞAR XƏBƏRLƏR