Rusiya İranın nüvə proqramı ilə bağlı sazişin ilkin formada bərpasının tərəfdarıdır və İrana qarşı yeni siyasi şərtlərin irəli sürülməsi barədə məlumatlardan narahatdır.
Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ ilə son danışıqlarda digər məsələlərlə yanaşı, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı müzakirə edilib. ABŞ tərəfi ilə yanaşı, bu mövzu ilə bağlı bəzi Avropa ölkələri ilə də təmaslar var.
S.Lavrov vurğulayıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi və Fransa, Almaniya, Böyük Britaniya, ABŞ, Rusiya, Çin və İranın iştirak etdiyi ilkin sazişdə nəzərdə tutulan formatın bərpasının tərəfdarıdır.
"Narahatlıq doğuran məqam bundan ibarətdir ki, amerikalılar bu yeni sazişin siyasi şərtlərlə müşayiət olunmasını istədiyinə dair bəzi əlamətlər var. Bu şərtlərə əsasən, İran İraq, Livan, Suriya və başqa yerlərdə qruplaşmaları dəstəkləmədiyini təsdiqləyən yoxlamalardan keçməyi öhdəsinə götürməlidir. Hesab edirəm ki, belə bir variant işləməyəcək", - o bildirib.
XİN başçısı vurğulayıb ki, "İrandan başqa hamının regionun digər ölkələrinə təsir göstərmək hüququna malik olacağı bir vəziyyət gerçəkləşməyəcək ssenaridir".