Öldürülən erməni əsgərlərinin cəsədləri düşmən tərəfinə qaytarılacaq? – RƏSMİ

SİYASƏT
16:06 14.11.2014
2363

Vaqif Dərgahlı: “Bu ermənilərin növbəti təxribatıdır”

Xəbər verdiyimiz kimi, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində döyüş kursuna enərək mövqelərimizə hücum etmiş Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 (NATO kodu “Hind”) tipli zərbə helikopteri Azərbaycan hərbçiləri tərəfindən açılan cavab atəşi nəticəsində məhv edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamada bildirilir ki, vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Olayın baş verməsinin ardından ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edərək vurulan helikopterin üç pilotunun cəsədlərinin qaytarılması məsələsində vasitəçi qismində çıxış etməyi xahiş edib. Bu barədə qondarma DQR-nin "müdafiə ordusunun" komandiri Movses Akopyan bildirib. O bildirib ki, helikopter cəbhə xətti yaxınlığında vurulduğuna görə, Ermənistan tərəfi ölənlərin cəsədlərini götürə bilmir. Buna görə də BQXK-ya belə bir müraciət olunub.

Sözügedən müraciətlə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AZXEBER.COM-a bunları deyib: “Vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb. Bu ermənilərin növbəti təxribatıdır və onlar beynəlxalq təşkilatlara yalan məlumat verməklə çaşqınlıq yaratmaq istəyirlər”.

Meyitlərin və helikopterin qalıqlarının ərazidən götürülməsi ilə bağlı BQXK-ya edilən müraciətlə əlaqədar beynəlxalq təşkilatla əlaqə saxladıq. BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məsələ ilə əlaqədar əməkdaşımızın sualına cavab olaraq bunları bildirib: “Beynəlxalq Qırmızı Xaç Komitəsi helikopter qalıqlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətləri təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır. Komitə bu məsələ ilə əlaqədar tərəflərlə dialoq aparır. Qurum hər zaman öz mandatına uyğun olaraq alətləri həyata keçirməyə hazırdır”.

Xatırladaq ki, ErmənistanMüdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan Mi-24 döyüş helikopterinin vurulması ilə əlaqədar yaydığı xəbərlərə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.

Mi-24 döyüş helikopteri və həlak olan hərbi qulluqçular qondarma Dağlıq Qarabağın hərbi qulluqçularıdır. Halbuki məhv edilən Mi-24 döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.

Ekipaj komandiri mayor Sergey Saakyan Yerevan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.

Baş leytenant Sarkis Nazaryan isə Hərbi Aviasiya məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib.

Ekipajın digər üzvü leytenant Azat Saakyan Yerevan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.

Beynəlxalq qanunlara zidd olaraq Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə təlimlərə cəlb edilmiş hərbi aviasiyanın tərkibində, cəbhənin ön xəttində döyüş uçuşları keçirən həmin hərbi helikopter provokasiya məqsədilə mövqerlərimizə atəş açdığına görə, döyüşçülərimiz tərəfindən vurulub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi açılamasında bildirilir ki, Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş Daglıq Qarabağ üzərində həyata keçirilən bütün razilaşdırılmamış aviauçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcəkdir.

AZXEBER.COM

 

OXŞAR XƏBƏRLƏR