Lənkəran şəhər icra hakimiyyətindən ağac kəsilməsi xəbərinə - REAKSİYA

SİYASƏT
15:30 19.04.2014
1689

Bu gün AZXEBER.COM xəbər portalında yayımlanan "Taleh Qaraşovun himayə etdiyi sahibkar ağac 'soyqırım'ına başlayıb - FOTO" başlıqla xəbərə Lənkəran Şəhər İcra Hakimiyyətindən reaksiya gəlib. 

İcra Hakimiyyətinin cavabını təqdim edirik:

"AZXEBER.COM saytının 19.04.2014-cü il tarixli sayında dərc olunmuş “Nəbatət bağında başlayan ağac “soyqırımı” Lənkəranda davam edir” başlıqlı yazıdakı faktlar reallığı əks etdirmir.

Belə ki, Lənkəran şəhərinin Paşa Təhməzov küçəsində sahibkar tərəfindən həqiqətən obyekt tikilir. Lakin sözügedən obyektin tikintisi ilə bağlı həmin yerdə heç bir ağac kəsilməyib. Saytda verilmiş şəkildə də obyektin qarşısındakı ağacların yerində durduğu, arxasının və yanlarının ağacsız boş yerlər olduğu aydın görünür. Obyektin tikildiyi yerdə heç vaxtı ağac olmayıb. 

Lənkəran şəhərinin sakinləri yaxşı xatırlayırlar ki, keçən əsrin 70-ci illərində dəmir yol vağzalının ətrafı abadlaşdırılarkən sözügedən ərazidəki köhnə, yöndəmsiz kiçik taxta tikililər sökülmüş, yeri hamarlanmış və küçənin kənarı boyunca küknar ağaclarından ibarət yaşıl zolaq yaradılmışdır. Həmin yaşıl zolaqdakı ağaclar bu günədək qorunur, vaxtında suvarılır və onlara qayğı göstərilir. Bununla yanaşı bildiririk ki, Lənkəran şəhərində və rayon ərazisində ağac kəsimi deyil, ağac əkini kampaniyaları keçirilir. 

Lənkəran ŞİH Başçısı Taleh Qaraşovun xüsusi sərəncamı ilə keçən ilin aprel və noyabr ayları və 2014-cü ilin mart ayı yaşıllaşdırma aylığı elan olunmuş və sərəncamın icrası müddətində Lənkəran şəhərinin park və bağlarında, küçə və xiyabanlarda, rayonun kənd və qəsəbələrində, idarə, müəssisə və təşkilatların yerləşdiyi ərazilərdə, magistral yollar boyunca 100 mindən çox ağac və gül kolları əkilmiş, onlara müntəzəm olaraq aqrotexniki xidmət göstərilmiş və vaxtında suvarılmışdır. Sərəmcamlardan irəli gələn vəzifələr tam icra olunsa da, rayonda ağac əkini bu gün də davam edir".Qeyd edək ki, həmin yazını buradan oxuya bilərsiniz: https://www.azxeber.com/index.php?action=static_detail&static_id=59933

OXŞAR XƏBƏRLƏR