Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
İnsident Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, 29 yaşlı Ağazadə Rəvanə Nicat qızına çoxsaylı bıçaq zərbələri endirilib. Bu zaman evdə olan 2023-cü il təvəllüdlü H.A. qorxusundan anasının qucağına qaçıb. Nəticədə, zərbələrdən üçü uşağa dəyib.
Ağır xəsarət alan ana və azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Qadın isə əməliyyat blokuna alınıb və hazırda əməliyyat davam edir.
Əməli törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ailə həmin ünvanda kirayə yaşayır.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 13.10.2026-cı il tarixində saat 08:10 radələrində 2 nəfər (qadın və kişi cinsli azyaşlı) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qarın boşluğu, döş qəfəsinin çoxsaylı kəsilmiş, deşilmiş yaraları, hipovolemik şok diaqnozları təyin edilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
1997-ci il təvəllüdlü şəxs əməliyyat blokuna alınıb, əməliyyatı davam edir.
///Qafqazinfo











































