Lənkəranlı gənclər bu xəbəri oxusun

GƏNCLİK
17:59 13.08.2012
2101
Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən “Regionlardan olan gənclər üçün liderlik məktəbi” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun təşkilati və maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin müddəti 5 ay olmaqla, 01 avqust – 29 dekabr 2012-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində bölgə üzrə seçilən 18-29 yaş arası 20 nəfər gənc üçün liderlik mövzusunda Lənkəranda 06-07 oktyabr, 03-04 noyabr və 01-02 dekabr 2012-ci il tarixlərində davamlı təlim kursları həyata keçiriləcəkdir. Bundan başqa, 15 dekabr 2012-ci il tarixində layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə mətbuat konfransı təşkil olunacaqdır. Qeyd edək ki, təlim kurslarında iştirak edən gənclərlə millət vəkilləri və dövlət xadimləri arasında müvafiq görüşlərin təşkil olunması da planlaşdırılır.

Məlumat üçün bildirək ki, layihənin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin menecment bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmişdir.

Layihədə iştirak etmək istəyən gənclər sentyabr ayının 23-nə qədər ictimai birliyə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR