Leyla Abdullayeva: 'Əkrəm Əylislinin əsərləri dərsliklərdən çıxarılsın' - AÇIQLAMA
13:41 07.02.2013
3075
Leyla Abdullayeva: "Əylislinin əsərləri dərsliklərdən çıxarılsın".Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin üzvü Leyla Abdullayeva Xalq Yazıçısı Əkrəm Əylislinin "Daş Yuxuları" romanı ilə bağlı fikirlərini şərh edərkən deyib. Millət vəkili bildirib ki, bu gün bir sıra dərsliklərdə Ə.Əylislinin əsərləri yer almaqdadır. Adı çəkilən romanın çapından sonra isə bu yazıçının hər hansı əsərinin tədris proqramlarında qalması qeyri -mümkündür. L.Abdullayeva qeyd edib ki, "Konkret olaraq 9-cu sinif dərsliyində Ə.Əylislinin "Ürək yaman şeydir" hekayəsi yerləşdirilmişdir. Proqramda bu hekayənin tədrisi nəzərdə tutulub. Bu günə qədər bu hekayə tədris edilsə də hesab edirəm ki, son olaylardan sonra o tədris olunmaq, şagirdlərə öyrədilmək üçün bir yazıçı kimi mənəvi haqqını itirmişdir. Vacibdir ki, bu əsərin üstündən tədris zamanı keçilsin və ya başqa bir əsərlə əvəz edilsin. Dərsliyin növbəti nəşrlərində isə ümumiyyətlə bu hekayə kitablarda yer almasın. Təsəvvür edin ki, şagirdlər mətbuat və televiziyadan Əylislinin bu nankorluğu haqda eşidiblər,biz isə onlara onun əsərini təbliğ edirik.Bu təbii ki,mümkün deyil. “Mənim Vətənim mənim uşaqlığımdır” deyən Əkrəm Əylisli bu hekayəsində yaratdığı Əjdərin timsalında öz kökündən ayrı düşənlərin faciəsini təsvir etmişdir. Bəs niyə “Daş yuxular” romanında mövqeyini dəyişən xalq yazıçısı mənsub olduğu millətinə xəyanət edib? Taleyin hökmünə bir bax ! Bu gün qəhrəmanı Əjdərin taleyini yaziçi özü yaşayır. Saflığını qorumaq istədiyi Sərvəri Əjdər vasitəsilə çirkabdan qoruyan Əkrəm Əylisli “Daş yuxular “ romanında milli ruhdan, milli-mənəvi dəyərlərdən uzaq olan insan kimi yaddaşlara həkk olunur. Tarixi faktları təhrif edərək ermənilərin törətdikləri vəhşilikləri öz xalqının adına yazan sənətkar, gərəsən, bu gün Əjdərin taleyini yaşadığının fərqinə varırmı ? Uzun əzab-əziyyətdən sonra öz məğlubiyyətini dərk edən Əjdər ürəyi ilə bacara bilmir. Daxili aləmi ilə taleyi arasında ziddiyyət olan Əjdəri ürəyi cəzalandırır. Son məqamda özü də etiraf edir ki, ürək yaman şeydir. Kimin ağlına gələrdi ki, bir vaxtlar qəhrəmanının dilindən səsləndirdiyi “Ürək yaman şeyqdir” etirafı ilə Əkrəm Əylislinin özü üz-üzə duracaq. Bəs həqiqəti inkar edən, öz kökünə arxa çevirən, gördüyü yuxularla türk dünyasına ləkə vurmaq istəyən Əkrəm Əylisli səhvini dərk edib “Ürək yaman şeydir” etirafını edə biləcəkmi ? Düşünürəm ki, zaman bu etiraf vaxtını yetirəcək və hökmü də özü verəcək. Qəhrəmanları kimi xalqına xəyanət edən Əkrəm Əylislini də ürəyi özü cəzalandıracaq". L.Abdullayeva roman haqqında da fikirlərini bildirib:"Bədii əsər öz dili,ideyası,üslubu,süjet xətti ilə seçilməlidir.Bu romanda isə özünəməxsus heç nə yoxdur-sadəcə bir nifrət,natamamlıq kompleksi və nankorluğun əksi olan zəif mətn yığımından ibarətdir.Köməkçim romanın elektron variantın əldə etdikdən sonra mən romanla tanış oldum.Adamın inanmağı gəlmir ki,milli ədəbiyyatımızda az-çox yeri olan,özünü ziyalı adlandıran bir şəxs belə bir zəif və xətalı əsərə öz imzasını atıb.Romanın ilk nəşrinin niyə Rusiyada olması da maraqlıdır.Görünür ki,bu planlı bir hərəkət xarakteri daşıyır.Mən təəsssüf edirəm.İndi bu əsər erməni lobbisi tərəfindən bütün dünya dillərinə tərcümə edilib,yayılsa ,biz buna gərək hazır olaq.Nə yazıq ki,bu erməni təbliğatına bir vasitəyə çevriləcək.Bunun mənəvu məsuliyyətini Ə.Əylislinin necə daşıyacağı maraqlıdır"