O, Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. L.Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.
Leyla xanımın fəaliyyəti digər sahələri də əhatə edir. O, eyni zamanda, "Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəridir
Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
O, bu gün ictimai xadim olaraq bir sıra sahələrdə aktiv fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir neçə ildir gerçəkləşdirilən "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı həqiqətləri bəşəriyyətin diqqətinə çatdırılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.
Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Modern.az-ın məlumatına görə, Rusiya mətbuatına müsahibələrinin birində L.Əliyeva atası, Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətlərdinən danışıb: "Mən hər zaman onun məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir. Bu mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu həqiqətən belədir! Bu sadəcə onun mənim atam, yaxud Prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun - "Bunu belə etməlisən” deməsini eşitməmişəm. O sadəcə məsləhət verir. Son nəticədə isə, onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunu onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar. Mən bütün işlərimdə onunla məsləhətləşirəm. Bura həm Heydər Əliyev Fondu, həm ekologiya sahəsi, həm də "Bakı” jurnalı ilə bağlı gördüyüm işlər daxildir".