Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” (The Union of Fire and Water) sərgisinin açılışında iştirak edib.
Fonddan AZXEBER,COM-a verilən məlumata görə, sərgi ilə tanış olan Leyla Əliyevaya ekspozisiyadakı eksponatlar və layihənin ideyası barədə məlumat verilib.
Sərgidə Rəşad Ələkbərovun əsərləri və Almagül Menlibayevanın video-instalyasiyaları təqdim edilib. “Odla suyun birliyi” layihəsinin ideyasını iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.
Rəşad Ələkbərov Venesiya ilə Bakının tarixini birləşdirir. Almagül Menlibayevanın video instalyasiya bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film, Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, ziyarətçilərə Bakının hekayəsini danışır və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları araşdırır.
YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunmuş bu ekspozisiya 56-cı Beynəlxalq Venesiya Biennalesi İncəsənət Sərgisində 9 may – 22 noyabr 2015-ci il tarixlərində ziyarətçilər üçün açıq olacaq.








